Nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!
21 fevral 2010-cu il
Nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!
Hər il yanvar ayının 1-dən oktyabr ayının 31-dək respublikada nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.
Nəqliyyat vasitələrinin sahibləri, eləcə də səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitəsini dövlət texniki baxışına həmin nəqliyyat vasitəsinə 2009-cu ildə təhkim olunmuş texniki baxış talonunda müəyyən edilmiş aydan gec olmayaraq təqdim etməlidirlər. Nəqliyyat vasitələri qeyd olunan müddətdən əvvəl də dövlət texniki baxışına təqdim oluna bilərlər.
Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs nəqliyyat vasitəsini aşağıdakı sənədlərlə Dövlət Yol Polisinə təqdim etməlidir:
1) Nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
2) Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
3) Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə;
4) Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi barədə qəbzlər.
Bakı şəhərində və Abşeron rayonunda qeydiyyatda olan fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrini dövlət texniki baxışından keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan-Binəqədi şossesi-4 ünvanında yerləşən Müayinə Mərkəzinə və ya Sabunçu rayonu Maştağa şossesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən Müayinə mərkəzinə təqdim etməlidirlər.
Qeyd olunan Müayinə Mərkəzləri şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 20:00-a qədər fəaliyyət göstərir.
Respublika Baş Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərdən xahiş edir ki, nəqliyyat vasitələrini texniki baxışa vaxtında texniki cəhətdən saz vəziyyətdə təqdim etsinlər.
Müəyyən edilmiş müddətdə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı dayandırılacaq, onların sahibləri və sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi


tel.: (+994 12) 342 32 82;
e-poçt: