“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

01 iyul 2011-ci il

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009-cu il, №2, maddə 47, №4, maddə 210, № 12, maddə 948; 2010-cu il, №7, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 27-ci bəndində “uçotunu aparmaq” sözlərindən sonra “, şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etmək” sözləri əlavə edilsin.
2. 6-cı maddənin I hissəsinə aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:
“6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;”.
3. 84-cü maddənin 3-cü bəndində “inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını” sözləri “inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri ilə əvəz edilsin.
4. 85-ci maddə üzrə:
4.1. 2-ci bəndin ikinci abzasında “müəyyən olunduqda,” sözlərindən sonra “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda,” sözləri əlavə edilsin;
4.2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5) nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparır (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərir).”;
4.3. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).”;
4.4. 9-cu bəndin birinci abzasında “digər əsas olmadıqda,” sözlərindən sonra “nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda,” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 85-1-ci maddə əlavə edilsin:
“Maddə 85-1. Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası
I. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və onun surəti barəsində protokol tərtib olunan şəxsə dərhal verilir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank formasında tərtib edilir.
II. Yol hərəkəti qaydalarının pozuntusunun aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən istifadə olunmuşdursa, protokolda onların göstəriciləri qeyd olunmalıdır. Yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya ona maddi zərər yetirilmişdirsə, bu hallar protokolda əksini tapmalıdır.
III. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmək hüququ verən, xüsusi hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir, sürücülük vəsiqəsi inzibati protokola əlavə edilir. Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə minənədək uzadılır.
IV. Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşdıqda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxsə cəriməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda qeyd edilir.
V. Cərimə plastik kart vasitəsilə ödənildikdə iki nüsxədə qəbz çap olunur. Bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır. Cərimə bildirişi xüsusi hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir.
VI. Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti verilir.
VII. İnzibati xəta haqqında işə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılması nəticəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, müvafiq cərimə bildirişi tərtib olunur. Qərarın surəti və müvafiq cərimə bildirişi işə baxılmasında iştirak edən inzibati xəta törətmiş şəxsə dərhal və şəxsən verilir, işin baxılmasında iştirak etməyən inzibati xəta törətmiş şəxsə həmin sənədlər üç günədək müddətdə qanunla nəzərdə tutulmuş qaydada verilir.
VIII. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.
IX. İnzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona bank tərəfindən qəbz verilir. Ödənişi qəbul edən bank cərimə bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
X. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
XI. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Həmin qərar inzibati xəta törətmiş şəxsə bu maddənin yeddinci hissəsinə uyğun olaraq təqdim edilir. Həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən dayandırılır, şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
XII. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülür.”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2011-ci il
xəbərlərin arxivi