Məlumatlar 04 aprel 2018-ci il

Gürcüstan Respublikasına səfərə gedən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə

2011-ci ilin 9 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

24 oktyabr 2011-ci il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2011-ci ilin 9 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərancamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın (2007-2011-ci illər) icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, vətəndaşlara birbaşa baş idarənin rəhbərliyinə müraciət etmə imkanları yaradılmaqla müraciətlərə və şikayətlərə baxılması işi təkmilləşdirilmiş, ictimaiyyətlə əlaqələr genişləndirilmiş, DYP-nin fəaliyyətini əks etdirən internet səhifəsi müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz edilmişdir. Xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə, rüsum və digər ödənişlərin yığılması sahəsində şaffaflıq artırılmışdır.
2011-ci ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 671542 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 11952, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 79531, ötmə qaydalarının pozulması üzrə 11349, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 34844, sərnişin daşıma qaydalarının pozulması üzrə 4204 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 50054 sürücü yerində cərimə olunmuş, 2940 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
2011-ci ilin 9 ayı ərzində Respublika ərazisində 2237 YNH-si qeydə alınmış, nəticədə 712 nəfər həlak olmuş, 2459 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 331 (17,4%), həlak olanların sayı 72 nəfər (11,3%), yaralananların sayı isə 469 nəfər (23,6%) artmışdır.     
 DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 256 YNH-i qeydə alınmış, nəticədə 191 nəfər həlak olmuş, 217 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və yaralananların sayı 34 (11,7%) və 84 nəfər (27,9%) azalmış, həlak olanların sayı isə 28 nəfər (17,2%) artmışdır.
Bakı şəhəri ərazisində 1018 YNH-si qeydə alınmış və bunların nəticəsində 261 nəfər həlak olmuş, 1117 nəfər yaralanmışdır. 2010-cu ilin 9 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 263 (34,8%), 14 (5,7%) və 372 (49,9%) artmışdır.
Respublika üzrə qeydə alınmış YNH-nin 93%-i (2081) sürücülərin YHQ pozmaları, o cümlədən 43%-i (984) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2%-i (518) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,6%-i (192) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,9%-i (67) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 37,9%-ni (847) piyadaların vurulması təşkil etmiş, nəticədə 266 piyada həlak olmuş, 645-i yaralanmışdır. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 70 nəfər uşaq və yeniyetmə həlak olmuş, 189 nəfər yaralanmışdır. Həlak olanların 47-i, yaralananların isə 105-i piyadalardır.
2011-ci ilin 9 ayı ərzində respublika ərazisində 18 nəfərin həlak olması və 91 nəfərin yaranlanması ilə nəticələnmiş  105 YNH-si bağlı qalmışdır.  
Baş İdarənin əməkdaşları tərəfindən 2011-ci ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan  nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 51349 avtomobil ilkin qeydiyyata alınmış, 39567 sürücülük vəsiqəsi verilmişdir.
2011-ci ilin 9 ayı ərzində «Siqnal»İİLİ tərəfindən 12 svetofor obyekti quraşdırılmış, 14271 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 1452890 pm cizgilənmə işi aparılmışdır.
Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışdan keçməyən nəqliyyat vasitələri ilə bağlı araşdırmaların aparılması, texniki cəhətdən nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınması, bu xətalara görə sürücülərin və digər aidiyyəti şəxslərin inzibati məsuliyyətə cəlb olunması sahəsində tədbirlər davam etdirilmişdir. Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə DİN BDYPİ-nin 15 xətli yeni Müayinə mərkəzi istifadəyə verilmişdir.
«Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün Kompleks Tədbirlər Planı»nda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilmişdir.
Avqust ayının 1-dən 31-dək  respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 71 iri avtomobil təsərrüfatlarında xəttə buraxılan nəqliyyat vasitələrinin işlənmiş qazlarında zəhərlilik dərəcəsi yoxlanılaraq 138 avtomobilin istismarı qadağan edilmişdir. Aylıq ərzində 1566 sürücü ekoloji normalara cavab verməyən nəqliyyat vasitələrini idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur.
Ümumilikdə 2011-ci ilin 9 ayı ərzində aparılan yoxlamalar nəticəsində 4245 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq nəticəsi üzrə müvafiq inzibati tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 11 ədəd Kalaşnikov avtomatı, 4 ədəd tüfəng, 4 ədəd tapança, 1 ədəd əl qumbarası, 1429 ədəd müxtəlif kalibrli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
2011-ci ilin 9 ayı ərzində polisin digər xidmətləri ilə birgə 35 fakt üzrə: 42 kq 532 qram (o cümlədən 25 kq 400 qram həşiş, 16 kq 312 qram marixuana, 820,27 qram heroin) narkotik maddə aşkar olunmuşdur.
2011-ci ilin 9 ayı ərzində BDYPİ-nə 130 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 120-i tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 202 avtomobil və 40 nəfər saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 333 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
DYP əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirilmiş, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə 32 əməkdaş DİO-da xidmətdən xaric, 20 nəfərsə tutduğu vəzifədən azad edilmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi