31 dekabr 2011-ci il tarixdə Hacıqabul rayonu ərazisində 4 nəfərin ölümü, 2 nəfərin yaralanması, Oğuz rayonu ərazisində isə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

31 dekabr 2011-ci il

31 dekabr 2011-ci il tarixdə saat 20:00 radələrində Bakı-Qazax yolunun Qarasu kəndi ərazisindən keçən 145,6-cı km-də Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Aqil oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes-Benz” markalı, 90 DB 556 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mehdiyev Cabbar Məhəmməd oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 10-OX-538 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə sürücü C.Mehdiyev və sərnişini, 1963-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Hacıyev Mübariz Əhməd oğlu hadisə yerində, 1986-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənov Knyaz Ağəli oğlu və şəxsiyyəti məlum olmayan 25 yaşlı kişi xəstəxanada ölüblər, digər avtomobilin sürücüsü İ.Nağıyev və sərnişini, 1982-ci il təvəllüdlü Ağcabədi rayon sakini Əliyeva Pərvanə Vəli qızı xəsarət alaraq Şirvan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Digər yol-nəqliyyat hadisəsi saat 23:10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz rayonu ərazisindən keçən 119-cu km-də baş verib. Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Əhmədəliyev Marif Səftər oğlu Qəbələ rayonu istiqamətində idarə etdiyi “VAZ-2106” markalı, 10-FK-204 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarına aşırıb.
Qəza nəticəsində sürücü hadisə yerində, sərnişini 1973-cü il təvəllüdlü Xəlilov Alim İsa oğlu isə Oğuz Mərkəzi Rayon Xəstəxanasında ölüblər.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi