31 avqust 2012-ci il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 10 nəfərin ölümü, 41 nəfərin yaralanması ilə nəticələnən 2 ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 avqust 2012-ci il

31 avqust 2012-ci il tarixdə saat 07:30 radələrində paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki dəmiryol keçidində 1986-cı il təvəllüdlü  Bakı şəhər sakin Ağayev Fərid Ağami oğlunun idarə etdiyi "Daewoo" markalı, 10-TF-427 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə sərnişin qatarı toqquşub.
Qəza nəticəsində avtobusdakı sərnişinlərdən 7 nəfər ölüb, 41 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Digər qəza saat 19:30 radələrində paytaxtın Qaradağ rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 60-cı km-də qeydə alınıb. 1948-ci il təvəllüdlü Neftçala rayon sakini Məmmədov Xamməd Əbil oğlunun Qazax rayon istiqamətində idarə etdiyi “İVEKO Otoyol M23.9” markalı, 90-FH-310 dövlət qeydiyyat nişanlı avtobusla 1958-ci il təvəllüdlü Salyan rayon sakini Əsədov Cavanşir Usu oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-KM-726 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, 1983-cü il təvəllüdlü Salyan rayon sakini Hüseynov Elməddin Eldar oğlu və şəxsiyyəti məlum olmayan 40-45 yaşlarında kişi aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi