2012-ci ilin 9 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

21 oktyabr 2012-ci il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN BDYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2012-ci ilin 9 ayı ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti  intizamın  möhkəmləndirilməsi  istiqamətində bir sıra  təşkilati və  profilaktik  tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərancamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın (2007-2011-ci illər) icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, hüquq pozmalarla bağlı müraciətlərə və şikayətlərə baxılması işi təkmilləşdirilmiş, vətəndaşlara birbaşa baş idarənin rəhbərliyinə müraciət etmə imkanları yaradılmışdır. Ictimaiyyətlə əlaqələr genişləndirilmiş, DYP-nin fəaliyyətini əks etdirən internet səhifəsi müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz edilmişdir. Xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə, rüsum və digər ödənişlərin yığılması işi də təkmilləşdirilmiş və bu sahədə şaffaflıq artırılmışdır.
2011-ci ilin yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyanın rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasında verilmiş tapşırıqlar, dövlət rəhbərinin tələbləri mütamadi olaraq təlimatlandırmalar zamanı şəxsi heyətə çatdırılmış, vətəndaşlarla ünsiyyətdə olarkən etik davranış normalarına ciddi əməl olunması, diqqət və qayğı ilə yanaşılması onlardan tələb olunmuşdur.
Hesabat dövründə BDYP İdarəsində elmi-texniki nailiyyətlərin, yeni informasiya texnologiyalarının tətbiqi xüsusi diqqət mərkəzində saxlanılmaqla lokal kompüter şəbəkəsi vasitəsilə qayda pozuntuları, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. barədə məlumatların qəbulu, şəbəkənin proqram təminatının beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.
2012-ci ilin 9 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 727014 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 14099, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 73893, ötmə qaydalarının pozulması üzrə 17752, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 24762, sərnişin daşıma qaydalarının pozulması üzrə 4182 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 1518 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlər nəticəsini də ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika ərazisində yol-nəqliyyat hadisələrinin, onların nəticəsində yaralananların sayının azalmasına nail olunsa da, həlak olanların sayında artım qeydə alınmışdır. Belə ki, 9 ay ərzində respublika ərazisində 2126 YNH-si qeydə alınmış, nəticədə 838 nəfər həlak olmuş, 2280 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 111 fakt (5%) və yaralananların sayı 179 nəfər (7,3%) azalmış, həlak olanların sayı isə 126 nəfər (17,7%) artmışdır.
 DİN BDYPİ YPXA-nın xidmətI ərazisində 281 YNH-i qeydə alınmış, nəticədə 248 nəfər həlak olmuş, 183 nəfər yaralanmışdır. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin və həlak olanların sayı uyğun olaraq 25 (9,8%), 57 nəfər (29,9%) artmış, yaralananların sayı isə 34 nəfər (15,7%) azalmışdır.   
Bakı şəhəri ərazisində 818 YNH-si qeydə alınmış və bunların nəticəsində 273 nəfər həlak olmuş, 882 nəfər yaralanmışdır. 2011-ci ilin 9 ayı ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 200 (19,6%), 235 nəfər  (21%) azalmış, həlak olanların sayı 12 nəfər (4,6%) artmışdır,
Respublika üzrə qeydə alınmış YNH- nin 86,1%-i (1830) sürücülərin qayda pozmaları, o cümlədən 27,7%-i (590) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,4%-i (561) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (188) yolayrıclarını keçmə qaydalarının pozulması, 3%-i (64) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 34,3%-ni (729) piyadaların vurulması təşkil etmiş, nəticədə 268 piyada həlak olmuş, 515-i yaralanmışdır. 209 YNH-si piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-ləri nəticəsində 58 nəfər uşaq və yeniyetmə həlak olmuş, 176 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-ləri nəticəsində həlak olmuş 838 nəfərdən 675-ni kişilər, 163-nü qadınlar, xəsarət almış 2280 nəfərdən isə 1745-ni kişilər, 535-ni qadınlar təşkil etmişlər.
2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 13 nəfərin ölümü və 56 nəfərin yaranlanması ilə nəticələnmiş 67 YNH-i bağlı qalmışdır.
Baş İdarənin əməkdaşları tərəfindən 2012-ci ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 76452 avtomobil ilkin qeydiyyata alınmış, 56164 ilkin sürücülük vəsiqəsi verilmişdir.
2012-ci ilin 9 ayı ərzində «Siqnal» İLİ tərəfindən 20 svetofor obyekti quraşdırılmış, 91 ədədi bərpa olunmuş, 4148 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 1.648.650 pm cizgiləmə işi aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 8 ədəd avtomat, 4 ədəd avtomat darağı, 776 ədəd müxtəlif kolibrli döyüş patronu, 10 ədəd tüfəng (3 ədəd TOZ-8), 5 ədəd tapança (4-ü kustar üsulla hazırlanmış) və 1 ədəd tank mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Bu müddət ərzində polisin digər xidmətləri ilə birgə 19 fakt üzrə: 14 kiloqramdan çox  (o cümlədən 12 kq həşiş qətranı, 115 qram marixuana, 2kq 45 qram heroin, 31,279 qram tiryək,) narkotik maddə aşkar olunmuşdur.
2012-ci ilin 9 ayı ərzində BDYPİ-nə 203 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 186-ı tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 16 avtomobil və 18 şəxs saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 175 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
DİN BDYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi