Respublika ərazisində noyabrın 19-dan 25-dək “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək

15 noyabr 2012-ci il

Respublikada nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranıb. Statistik məlumatlara əsasən cari ilin 10 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 35 faizini, Bakı şəhərində isə 49 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var. Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq noyabrın 19-dan 25-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək. Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.
        Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.

xəbərlərin arxivi