2013-cü ilin 3 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

23 aprel 2013-cü il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2013-cü ilin 1-ci rübü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

2012-ci il ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Naziri, general-polkovnik cənab R.Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Cənab R.Usubovun proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir.

Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Rüb ərzində Baş idarəyə daxil olmuş Azərbaycan Respublikası Prezidentinin fərman bə sərəncamlarında qarşıya qoyulmuş vəzifələr nəzarətə götürülərək icrası təmin olunmuşdur.

2013-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 335254 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 2098, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 45922, ötmə qaydalarının pozulması üzrə 6461, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 8950, sərnişin daşıma qaydalarının pozulması üzrə 1325 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 271 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

«Siqnal» İİLİ tərəfindən 5 svetofor obyekti quraşdırılmış, 1254 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 112.200 pm cizgiləmə işi aparılmışdır.

Baş idarənin əməkdaşları tərəfindən bu müddət ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 21008 avtomobil ilkin qeydiyyata alınmış, 25741 ilkin sürücülük vəsiqəsi verilmişdir.

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlərə baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınmışdır. Belə ki, rüb ərzində respublika ərazisində 646 YNH-i qeydə alınmış, nəticədə 258 nəfər həlak

olmuş, 691 nəfər yaralanmışır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 90 YNH-i qeydə alınmış, nəticədə 84 nəfər həlak olmuş, 75 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 34 fakt (60,7%), 40 nəfər (90,9%) və 41 nəfər (2,2 dəfə) artmışdır.

Bakı şəhəri ərazisində 221 YNH-i qeydə alınmış, bunların nəticəsində 80 nəfər həlak olmuş, 211 nəfər yaralanmışdır. 2012-ci ilin 1-ci rübü ilə müqayisədə YNH-nin və həlak olanların sayı uyğun olaraq 9 fakt (4,2%) və 37 nəfər (86%) artmış, yaralananların sayı isə 26 nəfər (11%) azalmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (598) sürücülərin YHQ pozmaları, o cümlədən 31,3%-i (202) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30,5%-i (197) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,1%-i (59) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,6%-i (17) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 37,8 %-ni (244) piyadaların vurulması təşkil etmiş, nəticədə 86 piyada həlak olmuş, 183-ü yaralanmışdır. 34 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olmuş, 54 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 258 nəfərdən 201-i kişilər, 57-i qadınlar, xəsarət almış 691 nəfərdən isə 533-ü kişilər, 158-i qadınlar təşkil etmişlər.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 2 ədəd tüfəng (1 ədəd yivsiz və 1 ədəd TOZ-8) aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.

Rüb ərzində polisin digər xidmətləri ilə birgə 14 fakt üzrə: 3 kiloqramdan çox (o cümlədən 1 kq 667 qram marixuana, 4,6 qram heroin, 2 kq 273 qram tiryək, 2 kq 35 qram həşiş qətranı, 48 qram metadon) narkotik maddə aşkar olunmuşdur.

2013-cü ilin 1-ci rübü ərzində BDYPİ-nə 72 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 43-ü tapılmışdır. BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 3 şəxs və 3 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 54 fakt və 14 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.

DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini dabam etdirir.
xəbərlərin arxivi