01 sentyabr 2013-cü il tarixdə Kürdəmir rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Sumqayıt şəhəri ərazisində isə 2 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib.

01 sentyabr 2013-cü il

  01 sentyabr 2013-cü il tarixdə saat 07:00 radələrində Kürdəmir-Zərdab avtomobil yolunun Sovla kəndi ərazisində 1970-ci il təvəllüdlü Zərdab rayon sakini Musayev Telman Böyükkişi oğlu idarə etdiyi “Vaz-21043” markalı, 10-UZ-683 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onu yol kənarındakı su kanalına aşırıb.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən həmyerliləri, 1990-cı il təvəllüdlü Hüseynova Ayşə Nazim qızı  hadisə yerində ölüblər, 1977-ci il təvəllüdlü Musayeva Vüsalə Fərrux qızı isə xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  
Digər yol-nəqliyyat hadisəsi saat 15:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 45-ci km-də qeydə alınıb. 1977-ci il təvəllüdlü Siyəzən rayon sakini Xəlfəyev Soltan Məhəbbət oğlunun idarə etdiyi “Vaz-21043” markalı, 10-VA-834 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Əlixanov İbrahim Şamil oğlunun idarə etdiyi “Mercedes Benz C-230” markalı, 15-VM-048 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Vaz-21043” markalı avtomobildə olan sərnişinlərdən 1951-ci il təvəllüdlü Xəlfəyev Məhəbbət Əbdül oğlu və 2009-cu il təvəllüdlü Xəlfəyev Nihad Soltan oğlu hadisə yerində ölüblər, digər sərnişinlər Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Xəlfəyeva Zərinə Nəbi qızı, 1956-cı il təvəllüdlü Xəlfəyeva Şölə Sevgi qızı, 2001-ci il təvəllüdlü Xəlfəyeva Əsmər Soltan qızı, habelə “Mersedes Benz C-230” markalı avtomobildə olan sərnişinlər Xirdalan şəhər sakinləri 1980-ci il təvəllüdlü Muradova Aynur Ərşad qizi, 2000-ci il təvəllüdlü Muradov Mirzə Oruc oğlu, 1950-ci il təvəllüdlü Səfərova Şərqiyyə Hüseynxan qizi və hər iki sürücü xəsarət alaraq Sumqayit Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.  
Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi