2014-cü ilin 3 ayı ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

29 aprel 2014-cü il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.2013-cü il ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab O.Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirəsində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ötən il ərzində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq  tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir.Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər Nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır. Ötən rüb ərzində xidmətlə bağlı bir sıra göstərişlər, o cümlədən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» 15 noyabr 2011-ci il tarixli, 5 aprel 2013-cü il tarixli qanunların tətbiqi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki baxışdan qeydiyyat yerindən asılı olmayaraq keçirilməsi, bu xidmətin vətəndaş üçün rahatlıq şəraitində və operativ təşkili, bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədilə «Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı əlavə tədbirlərə dair» 17.02.2014-cü il tarixli, habelə «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar «Kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair» 10.03.2014-cü il tarixli göstəriş hazırlanaraq icraya yönəldilmişdir.«İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanına əsasən məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir. Ötən rüb ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 81075 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilmişdir. Ümumiyyətlə 2014-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 395518 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 3259, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 74135, ötmə qaydalarının pozulması üzrə 6974, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 15041, sərnişin daşıma qaydalarının pozulması üzrə 901 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 495 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır. Ötən rüb ərzində avtoxuliqanlıq etdiyinə görə 269, şüşələrinə plyonka və örtüklər çəkilmiş 1553 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülmüşdür.2014-cü ilin 1-ci rübü ərzində «Siqnal» İİLİ tərəfindən 11 svetofor obyekti quraşdırılmış, 2603 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 116.000 pm cizgiləmə işi aparılmışdır. «Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün Kompleks Tədbirlər Planı»nında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilmiş, rüb ərzində aparılan yoxlamalar nəticəsində 1116 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.Baş idarənin əməkdaşları tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 21038 avtomobil ilkin qeydiyyata alınmış, 18.772 ilkin sürücülük vəsiqəsi verilmişdir.Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlər respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri olmuşdur. Belə ki, ötən rüb ərzində respublika ərazisində 523 YNH-si qeydə alınmış, nəticədə 232 nəfər həlak olmuş, 499 nəfər yaralanmışır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 123 fakt (19%), həlak olanların sayı 26 nəfər (10,1%) yaralananların sayı isə 192 nəfər (27,8%) azalmışdır. DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 54 YNH-i qeydə alınmış, nəticədə 65 nəfər həlak olmuş, 28 nəfər yaralanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 36 fakt (40%), 19 nəfər (22,6%) və 47 nəfər (62,7%) azalmışdır. Bakı şəhəri ərazisində 199 YNH-i qeydə alınmış, bunların nəticəsində 61 nəfər həlak olmuş, 193 nəfər yaralanmışdır. 2013-cü ilin 1-ci rübü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 22 fakt (9,9%), 19 nəfər (23,8%), 18 nəfər (8,5%) azalmışdır. Respublika üzrə qeydə alınmış YNH-nin 94,5%-i (494) sürücülərin YHQ pozmaları,        o cümlədən 29,3%-i (153) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 31,2%-i (163) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 6,7%-i (35) yolayrıclarını keçmə qaydalarının pozulması, 2%-i (10) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 42,3%-ni (221) piyadaların vurulması təşkil etmiş, nəticədə 85 piyada həlak olmuş, 157-i yaralanmışdır. 10 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 14 nəfər uşaq və yeniyetmə həlak olmuş, 29 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 232 nəfərdən 189-u kişilər, 43-ü qadınlar, xəsarət almış 499 nəfərdən isə 383-nü kişilər, 116-nı qadınlar təşkil etmişlər. Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli  Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 1 ədəd avtomat («Kalaşnikov» tipli), 1 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir. Hesabat dövründə DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan 22 avtomobil saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir. Rüb ərzində polisin digər xidmətləri ilə birgə 17 fakt üzrə: 7 kiloqrama yaxın (o cümlədən 515,06 qram marixuana, 2,25 qram heroin, 2,6 qram tiryək, 6 kq 77 qram həşiş qətranı, 0,7 qram kafein) narkotik maddə aşkar olunmuşdur. 2014-cü ilin 1-ci rübü ərzində BDYPİ-nə 73 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 53-ü tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir. DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir. 
xəbərlərin arxivi