Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT

1.Ümumi müddəalar

1.1.Bu Təlimat "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində avtomotonəqliyyat vasitələrini və onların qoşqularını (bundan sonra – nəqliyyat vasitələri) idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə vahid qaydaları müəyyən edir. Təlimatda həmçinin müəyyən edilmiş nəqliyyat vasitələrinə aid kateqoriyaların, sürücülərin hazırlanması və ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq verilməsi, fəaliyyətinə nəzarət edilməsi, nəzəri və təcrübi imtahanların qəbulu, metodikası, məzmunu və proseduru, verilmiş sürücülük vəsiqələrinin uçotunun aparılması barədə müvafiq müddəalar nəzərdə tutulur.
Bu Təlimat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələrini (traktorları), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələrini, həmçinin Azərbaycan Respublikası Fövləladə Hallar Nazirliyinin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə və dəyişdirilməsinə şamil edilmir.

1.2.Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

1.3.Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar göstərilir:
– "A" - motosiklet, moped, motoroller və digər motonəqliyyat vasitələrini idarə etmək üçün;
– "B" - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün;
– "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobilləri idarə etmək üçün;
– "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarə etmək üçün;
– "E" – dartqısı "B", "C" və ya "D" kateqoriyalarına aid edilmiş qoşqulu nəqliyyat vasitələri tərkiblərini idarə etmək üçün, o şərtlə ki, sürücünün bütövlükdə həmin kateqoriyalara və ya bu kateqoriyalardan birinə daxil olan nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq verən müvafiq sürücülük vəsiqəsi olsun;
– "Tramvay" -tramvayları idarə etmək üçün;
– "Trolleybus" -trolleybusları idarə etmək üçün.

1.4. "B", "C" və "D" kateqoriyalarına aid olan nəqliyyat vasitələri sürücülərinə həmçinin bu kateqoriyalara aid olan nəqliyyat vasitələrini tam kütləsi 750 kq-dan artıq olmayan qoşqularla birlikdə idarə etməyə icazə verilir.
"B", "C" və "D" kateqoriyalarına aid edilmiş nəqliyyat vasitələrinin tam kütləsi 750 kq-dan artıq olan qoşqularla, habelə qoşqulu avtobusların idarə edilməsi üçün sürücünün sürücülük vəsiqəsində həmin kateqoriyalarla yanaşı, "E" kateqoriyasına icazə verilən qeydiyyat olmalıdır.

1.5.Azərbaycan Respublikasının ərazisindəki yollarda:
– motonəqliyyat vasitələrini (kateqoriya "A") idarəetmə hüququ - 16 yaşdan;
– "B" və "C" kateqoriyasından olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
– tramvayları idarə etmə hüququ - 20 yaşdan;
– "D" və "E" kateqoriyalı nəqliyyat vasitələrini və trolleybusları idarəetmə hüququ - 21 yaşdan yaranır.
Qeyd: 1.Peşə tədris müəssisələrini bitirmiş şagirdlər, eləcə də "C", "BC" kateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün hərbi xidmətə cəlb olunmuş çağırışçılar kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşına çatmamış şəxslərə çağırış vəsiqəsi əsasında sürücülük vəsiqəsi verilir və "xüsusi qeydlər" qrafasında "18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər" qeydi aparılır.
Müddətli xidmət aparan hərbi qulluqçular "D" və "E" kateqoriyalı sürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.

1.6.Sürücülük vəsiqəsinin verilməsi işini aparan mərkəzi orqan - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
-sürücülük vəsiqəsi blanklarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsi;
-sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq verilməsi, onların fəaliyyətinə nəzarət edilməsi, nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi;
-verilmiş sürücülük vəsiqələrindəki məlumatların regional və mərkəzləşdirilmiş uçotunun aparılması;
-özünün struktur hissələrinin sürücülük vəsiqələri blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini;
-bu struktur hissələrə buraxılmış sürücülük vəsiqəsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsi və onların vaxtaşırı təftiş edilməsi.

1.7.Verilmiş sürücülük vəsiqələri barədə mərkəzləşdirilmiş və regional uçot bazasından məlumat almağa yalnız təhqiqat, istintaq, məhkəmə və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanların hüququ vardır.

2.DYP-də imtahanlara və nəqliyyat vasitələrinin idarə edilməsinə buraxılma qaydaları

2.1.İmtahanların qəbulu və "A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi DYP-nin qeydiyyat-imtahan məntəqələri (bundan sonra mətndə – "QİM") tərəfindən aparılır.
2.2."A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, "tramvay" və "trolleybusun" idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər AR DİN BDYPİ ilə razılaşdırılmış və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş vahid tədris planları və proqramları əsasında müvafiq maddi-texniki baza və texniki-metodiki tədris vasitələrilə təchiz olunmuş tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3.Siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan (tramvay və trolleybuslar istisna olmaqla), axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar üzrə imtahanlara buraxılmır.
2.4.Ali, orta ixtisas, ümumtəhsil peşə məktəblərində, litseylərdə tələbə və şagirdlərə "B" və "C" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsinin tədrisi nəzərdə tutulduqda, bu müəssisələrdə tədris BDYPİ ilə razılaşdırılmış xüsusi proqram əsasında aparılır.
2.5.Tədris müəssisələrində Səhiyyə Nazirliyi tərəfindən əl ilə idarə olunan minik avtomobillərinin istismarına yararlı hesab edilən şəxslər Təhsil Nazirliyi tərəfindən hazırlanmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BDYPİ ilə razılaşdırılmış plan proqram üzrə ixtisas hazırlığı keçirlər. İmtahanları müvəffəqiyyətlə vermiş belə şəxslərə təqdim olunan sürücülük vəsiqələrində "xüsusi qeydlər" bölməsində "Əl ilə idarə icazəlidir" qeydi aparılır.
2.6.Bu tədris kurslarına qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.7.Sürücülərin peşə hazırlığı və peşənin təkmilləşdirilməsini təsdiq edən sənəd bu Təlimatda 2 saylı əlavəyə uyğun şəhadətnamədir.
2.8.Sürücülük vəsiqələrinin alınması üçün imtahan yalnız QİM tərəfindən xidmət aparılan ərazidə yaşayış yeri üzrə daimi və ya müvəqqəti qeydiyyatı olan şəxslərdən qəbul olunur. Digər hallarda şəxslərin imtahanlara buraxılması məsələsi BDYPİ rəhbərliyi tərəfindən müstəsna hal kimi həll oluna bilər.

Qeyd: 1.Təbii fəlakət və digər ekstrimal hadisələr baş verdiyi hallarda sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər müvəqqəti məskunlaşdığı ərazi üzrə, hərbi qulluqçular isə hərbi hissənin yerləşdiyi ərazi üzrə QİM-də imtahanlara buraxıla bilər.

2.9."A", "B", "C", "D" və "E" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.

2.10.Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi təhsil müəssisələrini bitirmiş şəxslərə, "A", "B", "C" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi istənilən kateqoriya üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra həyata keçirilir.
Bu halda avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
-orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
-ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.

2.11.İşi, fəaliyyəti, təhsili, sosial vəziyyəti ilə əlaqədar tədris müəssisələrində sürücülük ixtisası üzrə hazırlıq keçə bilməyən Azərbaycan Respublikası vətəndaşları yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilərlər.

2.11.1.Müstəqil hazırlaşmış şəxslər yalnız "A" və ya "B" kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədilə imtahanlara buraxıla bilərlər.

2.11.2.Müstəqil hazırlaşmış şəxslər onların imtahanlara buraxılması üçün BDYPİ-yə ərizə ilə müraciət edirlər.

2.11.3.Müstəqil hazırlaşmış şəxs imtahanlara buraxılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:
-onun BDYPİ-də qeydiyyata götürülməsi barədə ərizə;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-təhsil haqqında sənəd;
-imtahan və sürücülük vəsiqəsinin verilməsi üçün müvafiq ödənclərin (rüsum, haqq və s.) ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
Ərizə qeydiyyata alındıqdan sonra imtahanın qəbul edilməsi vaxtı təyin olunur.

2.11.4.İmtahanlara müstəqil hazırlaşmış sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir. Nəzəri imtahanı verməmiş şəxslər təcrübi imtahana buraxılmır. Nəzəri və təcrübi imtahanların qəbulu Təlimatın 7 və 8 nömrəli əlavələrinə uyğun aparılır.

2.11.5Müstəqil hazırlaşmış şəxslərdən yalnız bir dəfə nəzəri və ya təcrübi imtahan qəbul edilir.

2.11.6.İmtahanların birindən qeyri-məqbul alan şəxs yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahanlara buraxılır.

2.12.Sürücülük vəsiqəsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə qeydiyyat imtahan məntəqələri tərəfindən yeddi gün ərzində verilir.

2.13."E" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə "B" və ya "C" və ya "BC", ya "BCD" və ya "BD", ya "CD" ya da "D" kateqoriyalarına aid olan avtonəqliyyat vasitələrini 3 ildən az olmayaraq idarə edən sürücülər müvafiq proqram əsasında tədris müəssisələrində yenidən hazırlıq kurslarını bitirdikdən və QİM-də nəzəri və təcrübi imtahanları verdikdən sonra buraxılırlar.

2.13.1"D" kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə "B" və ya "C", ya "BC" ya da "BCE" və ya "BE", ya da "CE" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan (2.3. maddəsinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müvafiq proqram əsasında yenidən hazırlıq kurslarını keçərək nəzəri və təcrübi imtahanları vermiş sürücülər buraxılırlar.

2.13.2."B" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olan sürücülər tədris müəssisələrində müvafiq proqram üzrə yenidən hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra "C" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.

2.13.3."C" və ya "CD" kateqoriyalarına aid nəqliyyat vasitələrini idarəetmə hüququ olan sürücülər "A", "B" və ya "AB" kateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.

2.13.4. "BD" kateqoriyalarına aid edilən nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər "A", "C" və ya "AC" kateqoriyaları üzrə sürücülük vəsiqəsi almaq üçün əlavə tədris kursu keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar. Təkcə "B" kateqoriyası olan sürücülər isə yalnız "A" kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq üçün imtahanlara buraxıla bilər.

2.13.5.Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə yeni sürücülük vəsiqəsinin verilməsi yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlardan sonra həyata keçirilir.

2.14.Şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlılığı, habelə nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur.

2.14.1.İmtahanları qəbul edən QİM-in müfəttişi imtahana buraxılmış şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurduğu hallarda onu təkrar tibbi müayinəyə göndərə bilər.

2.14.2.Əgər sürücü tibbi müayinədən keçməkdən yayınıbsa və ya tibbi komissiya tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə yararsız hesab edilmişsə, bu halda onun sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada DYP-nin əməkdaşları tərəfindən alınmalıdır.

2.15.Nəqliyyat vasitələrini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra, onlar tibbi müayinədən keçdikdən, yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə verdiyi halda qaytarılır.

3.Sürücülük vəsiqəsi.

3.1.Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.

3.2.Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır.

3.3.Növündən asılı olmayaraq, hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
-sahibinin soyadı;
-sahibinin adı və atasının adı;
-sahibinin doğum tarixi və yeri;
-sahibinin yaşayış yeri;
-vəsiqəni vermiş orqanın adı;
-vəsiqənin verilmə tarixi və yeri;
-vəsiqənin etibarlılıq müddəti;
-vəsiqənin nömrəsi;
-vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;
-sahibinin qan qrupu və imzası;
-xüsusi qeydlər;
Sürücülük vəsiqəsinin nümunəsi Təlimata 1 saylı əlavədə göstərilir.

3.4.Sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən QİM tərəfindən aşağıdakı kimi müəyyən edilir:
-60 yaşına çatmamış şəxslər üçün - 10 il;
-60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
-70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
-Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Qeyd: 1.Etibarlılıq müddəti qurtarmış sürücülük vəsiqəsi müvafiq qaydada dəyişdirilir. Vəsiqə sahibinin göstəricilərində (adı, soyadı, ünvan, şəkil, imza və s.) dəyişiklik olmadıqda, onun istəyindən asılı olaraq, vəsiqənin etibarlılıq müddəti bu Təlimatın 3.4. bəndində nəzərdə tutulmuş müddətlər hüdudunda uzadıla bilər. Belə halda sürücülük vəsiqəsinin "Xüsusi qeydlər" qrafasında müvafiq qeydlər edilir.

3.5.Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), vəsiqədə göstərilən məlumatların adı isə azərbaycan və ingilis dillərində yazılır. Başqa məlumatlar isə azərbaycan dilində yazılır. Sürücülük vəsiqəsinin və onun rekvizitlərinin adı rus dilində təkrarlana bilər.

3.6.Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur və onu itirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə olunur.

4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması (ixtisaslarının artırılması) üzrə tədris müəssisələrinin qeydiyyata alınması və onların fəaliyyətinə nəzarət qaydaları.

4.1.Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri BDYPİ-də qeydiyyata alınmalıdır.

4.2.Sürücü kadrlarının hazırlanması və onların ixtisaslarının artırılması məqsədi ilə yeni yaradılmış tədris müəssisələrinin qeydiyyata alınması üçün bu təşkilatlarda həmin müəssisələrin bu fəaliyyət növü ilə məşğul olmasının hüquqi əsasları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il 41 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında" Əsasnamənin tələblərinə uyğunluğu barədə müvafiq yoxlamalar təşkil edilir. Yoxlama komissiyası, bir qayda olaraq, aşağıdakı tərkibdə yaradılır:
-BDYPİ-nin əməkdaşı (sədr);
-tədris müəssisəsinin və onların baş idarələrinin, eləcə də digər nazirlik və baş idarələrin nümayəndələri (komissiyanın üzvləri).

4.3.Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının keyfiyyətinə mənfi təsir göstərən səbəblərin araşdırılması və onların aradan qaldırılması məqsədi ilə tədris müəssisələrinin fəaliyyətinin yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında aparılır. Hər il növbəti yoxlamaların aparılması üçün plan müəyyən edilir. Planda yoxlamanın müddəti və digər şərtlər əks olunur. Zəruri hallarda növbədənkənar yoxlamalar da həyata keçirilə bilər.

4.3.1.Yoxlama zamanı tədris müəssisəsinin maddi-texniki bazasının vəziyyəti, sürücülərin müəyyən edilmiş müddətdə hazırlanması və onların ixtisaslarının artırılması proqramlarına və Nazirlər Kabinetinin 41 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnamənin tərəblərinə riayət olunması vəziyyəti, eləcə də mühəndis - pedaqoji işçilərin, istehsalat ustalarının, təlimatçıların bilik səviyyələri müəyyən olunur. Eyni zamanda, göstərilən Əsasnaməyə uyğun keçirilən dərslərin metodiki vasitələrlə təmin olunması və sürmə vərdişi üzrə ilkin təlim avtodromlarının və bağlı meydançaların, yollarda sürmə təlimi keçmək üçün nəzərdə tutulmuş mexaniki nəqliyyat vasitələrinin texniki avadanlıqlaşdırılması vəziyyəti yoxlanılır.

4.3.2.Yollarda sürücülük təlimi keçən təlimatçının təlim nəqliyyat vasitəsinə uyğun azı 5 il sürücülük stajına malik olmasına dair sənədi, habelə sürücülük vəsiqəsi olmalıdır.

4.3.3.Yoxlamanın nəticəsi sərbəst formada tərtib edilmiş aktla sənədləşdirilir. Yoxlamanın nəticələrinə dair akt və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə iradnamələr, tələbnamələr və göstərişlər müvafiq qərar qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.

4.4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması üçün tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalıdır.

4.4.1.Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə QİM-də qeydiyyata alınmalıdır. QİM-ə daxil olan bu Təlimata 3 saylı əlavəyə uyğun formada hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Respublika Qeydiyyat-İmtahan Şöbəsinə göndərilməlidir.

4.5.Maddi-texniki bazası qeyd olunan Əsasnamənin tələblərinə cavab verməyən, eləcə də BDYPİ-nin təqdimatlarından nəticə çıxarmayan tədris təşkilatının qrupları QİM-də qeydiyyata alınmır. Bu haqda tədris təşkilatına və onun baş idarəsinə yazılı məlumat göndərilir. Təşkilatın tədris qrupları yalnız aktda göstərilən nöqsanlar aradan qaldırıldıqdan və bu Təlimatın 4.1.-4.3. bəndlərində göstərilmiş qaydaların tələbləri yerinə yetirildikdən sonra təkrar qeydiyyata alına bilərlər.

5.İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi qaydaları

5.1.Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.

5.1.1.İmtahanlar əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Təlimata 7 və 8 saylı əlavələrə uyğun aparılır.

5.2.Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.

5.3.Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
-sədr-qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
-üzvlər-tədris, avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.

5.4.İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imitahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
-avtomobil ixtisası üzrə ali, və ya orta texniki təhsili;
-imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

5.5.Tədris müəssisələrinin müdavimləri QİM-ə aşağıdakı sənədləri təqdim edirlər:
-bu Təlimatın 2.10. və 2.11. bəndlərində göstərilmiş şəxslər istisna olmaqla, müvafiq kateqoriyaya aid nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə şəhadətnamə;
-bu Təlimatın 2.10. bəndlərində göstərilən şəxslər üçün, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış, ya da diploma əlavə;
-müvafiq kateqoriya üzrə imtahanlara müstəqil hazırlaşmış şəxslər üçün, onların BDYPİ-də qeydiyyata götürülməsi barədə sənəd;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-imtahan və sürücülük vəsiqəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ödənc, rüsum və ya haqqın ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində xarici vətəndaşın qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi).

5.6.Sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir.

5.7.Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdırlar.

5.8.Bu Təlimatın 2.10.maddəsinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gün keçdikdən sonra qəbul olunmalıdır.

5.9.Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Təlimatın 4 saylı əlavəsinə uyğun formada protokolla sənədləşdirilir.

5.10.Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslılığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir. Verilən sürücülük vəsiqələri bu Təlimata 5 saylı əlavəyə uyğun formada reyestrdə qeydiyyata alınır.

Nəzəri imtahanın keçirilməsi metodistikasına əlavələr

6.Sürücülük vəsiqələrinin dəyişdirilməsi, itirildikdə əvəzinə yeni vəsiqələrin verilməsi qaydaları.

6.1.Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
-etibarlılıq müddətinin qurtarması;
-sahibinin soyadı, adı və atasının adının dəyişdirilməsi;
-yazılarında dəqiqsizlik müəyyən edilməsi;
-yararsız hala düşməsi;
-itirilməsi;
-yeni nümunəli vəsiqələrin tətbiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

6.2.Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi, müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış və şəxsiyyəti təsdiq edən sənəd əsasında QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar saxlanılmaqla bir gün ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir.

6.3.Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Bu Təlimatın 6.1. bəndinin dördüncü abzasında nəzərdə tutulan hallarda sürücülük vəsiqəsi sahibi tərəfindən haqq ödənilmədən BDYPİ-nin hesabına dəyişdirilir.

6.4.Sürücülük vəsiqəsi itirildikdə yenisi vəsiqə sahibinin yazılı ərizəsində qeydiyyatda olduğu rayon /şəhər/ DYP xidmətlərinin müvafiq qeydləri və tibbi arayış əsasında verilir. Zəruri hallarda isə tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİM-in təsdiqedici sənədi təqdim edilməsi tələb oluna bilər.

6.5.Sürücülük vəsiqəsi itirildikdə onun sahibinə bu Təlimatın 3.4. bəndində nəzərdə tutulmuş müddətə müvafiq vəsiqə verilir.

6.5.1.Zəruri hallarda (sorğuya cavab almaq üçün göndəriş yolladıqda, vəsiqənin itməsi ilə əlaqədar bir sıra hallar araşdırıldıqda) müvəqqəti sürücülük vəsiqəsi 1 il müddətinə qədər də verilə bilər.

6.6.Köhnə və ya itirilmiş sürücülük vəsiqələrinin əvəzinə yenisi verildikdə, bu vəsiqədə əvvəlki sürücülük vəsiqəsinin seriyası, nömrəsi və verilmə tarixi göstərilməlidir.

6.7.Yeni sürücülük vəsiqələri alan şəxslərin əvvəllər verilmiş sürücülük vəsiqələri aşkar olunarsa, bu sənədlər etibarsız sayılmalı və ləğv edilməsi üçün QİM-ə göndərilməlidir.

6.8.1977-ci il sentyabrın 1-nə kimi verilmiş I və II dərəcəli sürücülük ixtisaslarının şəhadətnamələri (ixtisas talonları) olan peşəkar sürücülərin (3-cü dərəcəli) köhnə nümunədən olan sürücülük vəsiqələri, yol hərəkəti qaydaları üzrə nəzəri, təcrübi imtahanları verməklə, yeni sürücülük vəsiqələrinə "BCE", "BCD" ya da "BCDE" kateqoriyalarına dəyişdirilməlidir.

6.9.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində vəsiqənin etibarlılıq müddətinə 1 ildən çox olmayaraq qüvvədədir.
Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi ümumi əsaslarla verilir.
Respublika ərazisində müvəqqəti yaşayan əcnəbi şəxslərin, habelə əvvəllər xarici ölkələrdə yaşamış və sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş şəxslərin malik olduğu milli və ya beynəlxalq sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi sürücülük vəsiqəsinin alınması üçün əsas götürülə bilər. Belə şəxslərə sürücülük vəsiqəsi onlar tibbi müayinədən keçdikdən, nəzəri bilik səviyyəsi və sürmə vərdişləri yoxlanıldıqdan sonra əvvəllər malik olduqları kateqoriyalar üzrə müvafiq qaydada verilə bilər.

Qeyd: 1.Xarici ölkələrin diplomatik, səfirlik və konsulluq nümayəndəlikləri-nin, beynəlxalq təşkilatların, akkreditə olunmuş mətbuat orqanlarının əməkdaşlarının və bunlara bərabər tutulan digər şəxslərin qüvvədə olan milli və ya beynəlxalq sürücülük vəsiqəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə vəsiqə sahibləri tibbi müayinədən keçmədən və müvafiq imtahanlara cəlb edilmədən dəyişdirilir.
Təlimatın bu bəndində göstərilən şəxslərə sürücülük vəsiqəsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin V hissəsində müəyyən olunmuş etibarlılıq müddətləri hüdudlarında verilir. Lakin sürücülük vəsiqəsinin Respublika ərazisində qüvvədəolma müddəti onun sahibinin Azərbaycan Respublikasında qeydiyyata alınma müddətindən çox olmamalıdır. Şəxslərin istəyindən asılı olaraq onların xarici sürücülük vəsiqəsi özlərinə qaytarıla bilər.

6.10.Bu Təlimatın 6.9-cu bəndində göstərilən şəxslərin sürücülük vəsiqəsi müəyyən şübhə doğurduqda QİM tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu, Xarici İşlər Nazirliyinin səfirlik və konsulluq xidmətləri və qanunvericiliklə nəzərdə tutulmuş digər orqanlar vasitəsilə müvafiq sorğular edilə bilər. Təlimatın 6.9.-cu bəndinin "Qeyd" hissəsində göstərilən şəxslər barəsində müvafiq sorğular yalnız Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə verilə bilər. Vəsiqə sahibinə sorğuya cavab alınan müddətədək müvəqqəti sürücülük vəsiqəsi verilir. Müvafiq cavab alındıqdan sonra sürücülük vəsiqəsinin qəti verilməsi barədə mövcud qanunvericiliyə uyğun şəkildə qərar qəbul edilir.

6.11.QİM tərəfindən verilən sürücülük vəsiqələrinin mərkəzləşdirilmiş uçotu aparılır.
Verilmiş sürücülük vəsiqələrinin uçot reyestri aparılır. İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi kompüter vasitəsilə birbaşa üsulla həyata keçirildikdə, müvafiq protokol və reyestr də kompüterdən çıxarış vasitəsilə rəsmiləşdirilir və sürücülük vəsiqəsinin alınması barədə onun sahibinin vəsiqənin özündəki imzası əsas götürülür.

7.Sürücülük sənədlərinin və digər materialların hazırlanması, təchizatı və saxlanılması qaydaları.

7.1.Sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə əsas olan sənədlər, tədris qrup və kurslarında təhsil alan şəxslərin siyahısı və tibb komissiyasının rəyi ilə nəqliyyat vasitələrini idarə etməkdən kənar edilmiş şəxslərin sürücülük vəsiqəsi, əvəzinə yenisi verilmiş və ya sonradan tapılıb QİM-ə daxil olmuş, eləcə də sürücülük hüququndan məhrum olunma müddəti bitmiş tələb olunmayan sürücülük vəsiqələri arxiv sənədləri kimi 2 il müddətində, imtahan komissiyasının protokolları 10 il, sürücülük vəsiqəsinin verilməsinə aid reyestr isə 60 il saxlanılır.

7.2.Arxiv sənədləri saxlama müddəti keçdikdən sonra QİM-də müvafiq qaydada akt tərtib edilməklə ləğv edilir.

7.3.Bu Təlimata 1 saylı əlavədə nəzərdə tutulan blanklar BDYPİ-nin sifarişi əsasında hazırlanır.

7.4.Tibbi arayış və təhsil müəssisəsini qurtarmaq barədə şəhadətğnamə, bütün məlumat qrafaları doldurulduqdan sonra sürücülük vəsiqəsi ilə birlikdə sürücülərə qaytarılır.

7.5.Sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən bu Təlimat ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

7.6.Sürücülük vəsiqəsinin sahibi vəsiqənin alınması zamanı süründürməçiliyə yol verilməsindən və ya ondan imtina olunmasından şikayət edə bilər.

7.7. Bu Təlimat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

Təlimatlar 2 saylı Əlavələr

Təlimatlar 4 saylı Əlavələr

Təlimatlar Əlavələr

Təlimata 8 saylı əlavə TƏCRÜBİ İMTAHANIN KEÇİRİLMƏ METODİKASI

1.Nəqliyyat vasitəsi və onun avadanlığı

1.1.Sürücülüyə namizəddən təcrübi imtahan müvafiq kateqoriyaya uyğun olan nəqliyyat vasitəsində qəbul edilir.

1.1.1.A - motonəqliyyat vasitəsində.

1.1.2.B - minik avtomobilində.

1.1.3.C - tam kütləsi 3500 kq-dan artıq olan yük avtomobillində.

1.1.4.D - tutumu ən azı 20 oturacaq yeri və uzunluğu ən azı 6,5 m olan avtobusda. Hərbi qulluqçulardan isə digər tutumlu avtobuslarda da aparıla bilər.

1.1.5.E dərəcəsi üzrə:

1.1.5.1.E - tərkibində C dərəcəli nəqliyyat dartqısı və ona qoşulmuş ən azı iki oxu və aralarındakı məsafə 1 m-dən çox olan yarımqoşqusu və yaxud qoşqusu olan nəqliyyat vasitəsində, D dərəcəli nəqliyyat vasitələrində isə qoşqulu avtobusda.

1.1.5.2.E - hərəkət tərkibində B dərəcəli nəqliyyat dartqısı və ona qoşulmuş tam kütləsi 750 kq-dan 3.500 –kq-dək olan qoşqu və ya yarımqoşqu.

1.2.Təcrübi imtahanın qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə muftası (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı döstərən güzgü ilə avadanlıqlaşdırılmalıdır.

2.Avtomobildə imtahan qəbul edilməsinin təşkili

2.1.Avtomobilin idarə edilməsi barədə təcrübi imtahan xüsusi meydançada, avtodromda və ya sınaq marşrutlarında qəbul edilir.

2.1.1.Avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar digər nəqliyyat vasitələrinin hərəkətindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.
İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərini yerinə yetirmə bacarığı və vərdişi yoxlanılır.

2.1.2.B, C, D dərəcələri üzrə təcrübi imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:

2.1.2.1.Yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq).

2.1.2.2.Hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi.

2.1.2.3.Avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).

Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir.

2.1.3.Daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır.

2.1.3.1.Minik avtomobillərinin hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsinin və avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boksun elementləri 1,2 m hündürlüyündən, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və qara - ağ rəngli dayaqlar ilə təchiz edilir.
Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.
Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir.

2.1.3.2.Bütün tip avtomobillər üçün nəzərdə tutulmuş yoxuşlu sahə elementi, kifayət qədər davamlılığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər.

2.1.4.Vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın hərəkət sxemi tablosu tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.

2.2.Sınaq marşrutlarında hərəkətin sıx olduğu şəraitdə;

2.2.1.Aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda yoxlanılması mütləq qaydada aparılmalıdır:

2.2.1.1.Yol hərəkəti haqqında Qanunun 4 saylı əlavəsinə uyğun 2.4. yol verin, yaxud 2.5. dayanmadan keçmək qadağandır nişanlarının təsir zonalarında yol ayrıcından keçmək.

2.2.1.2.Xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək.

2.2.1.3.Svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək.

2.2.1.4.İki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi.

2.2.1.5.İki dəfə sağa dönmənin yerinə yetirilməsi.

2.2.1.6.Bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.

2.2.2.QİM üçün sınaq marşrutlarının, xidmət göstərilən əhalinin sayından, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.

Marşrutların sayının:
əhalinin miqdarı 500 000 və daha çox olan şəhərlərdə 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması tövsiyyə edilir.

Qeyd: E kateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.

2.2.3.Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1. -2.2.1.6. bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4-km-ə qədər olması tövsiyyə edilir.

2.2.4.Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200x300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
İmtahan verənləri vaxtlı vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədilə hər bir marşrutda imtahanı bir yerdən başlayıb həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).
Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.
Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən təsadüfü seçmə üsulu ilə sürücülüyə namizədi sınaq marşrutundan hərəkət etmək üçün onu marşrut kartalarının biri ilə tanış edir.

2.3.Sürücülüyə namizədn tərəfindən onun istədiyi dərəcəyə malik nəqliyyat vasitəsini idarə etməsi bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.

2.4.İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarəti imtahanı qəbul edən əməkdaş vizual, yaxud da texniki vasitələrin köməyi ilə həyata keçirir. Bu halda o, imtahan avtomobillərində, yaxud da ondan kənarda ola və nəzarət texniki vasitələrindən istifadə edə bilər.

3.İmtahanın məzmunu

Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:

3.1.Avtodromda:

3.1.1.Yoxuşda yerindən tərpənmə: - avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli. /bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir/.

3.1.2.Hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə /ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü işə salmaqla bir dəfədən geri dönmə/.
Geriyə verilərkən avtomobil elə dayandırılmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun (bağlı meydança və hərəkət sxeminin nümunəsi bu Metodikaya 1 saylı əlavəyə uyğun olmalıdır).
Bu element yerinə yetirilərkən boksdan olan yan minimal məsafə imtahan qəbul edilən avtomobilin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.

3.2.Sınaq marşrutunda:

3.2.1.Hərəkətin başlanılması;

3.2.1.1.Hərəkətin başlanmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq.

3.2.1.2.Xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi.

3.2.1.3.Arxaya baxış gızgüsündən istifadə edilməsi.

3.2.1.4.Nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi.

3.2.1.5.Sürət artırılması və ötürücüyə keçirmə.

3.2.1.6.Düzünə hərəkət.

3.2.1.7.Yolun hərəkət hissəsində düzgün yerləşmə.

3.2.2.Lazımi hərəkət sürətinə riayət olunması;

3.2.2.1.Nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi.

3.2.3.Bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:

3.2.3.1.Xəbərdaredici siqnalların vaxtında verilməsi.

3.2.3.2.Dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ictimai nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə.

3.2.3.3.Bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi.

3.2.3.4.Hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya.

3.2.4.Nizamlanan yol ayrıcından keçirməsi:

3.2.4.1.Yol ayrıcına yaxınlaşarkən yol şəraitində qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi.

3.2.4.2.Nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması.

3.2.4.3.Dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi.

3.2.4.4.Svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması.

3.2.5.Nizamlanmayan yol ayırıcını keçmək:

3.2.5.1.Yol ayırıcına yaxınlaşarkən, yol nişanlanma xəttlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələri nəzərə alınmaqla onlara qiymət verilməsi.

3.2.5.2.Hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi.

3.2.5.3.Yol ayırıcına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidini keçmə.

3.2.6.Dönmənin (geriyə dönmənin) icrası:

3.2.6.1.Döngəyə düzgün daxil olunması.

3.2.6.2.Mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.

3.2.7.Ötmə:

3.2.7.1.Ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətləndirilməsi.

3.2.7.2.Xəbərdardılq siqnallarının vaxtında verilməsi.

3.2.7.3.Konkret şəraitindən asılı olaraq ötmə vaxtı sürət rejimi.

3.2.7.4.Hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarma trayektoriyası.

3.2.8.Dayanma:

3.2.8.1.Xəbərdarlıq siqnalının verilməsi və düzgün yerdəyişmə.

3.2.8.2.Hərəkət sürətinin mükəmməl olaraq azaldılması.

3.2.8.3.Yolun hərəkət hissəsində (kənarda) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.

4.Sürücülüyə namizədin hazırlığının qiymətləndirilməsi

4.1.İmtahanın yekunu üzrə imtahan qəbul edən müfəttiş, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.

4.2.Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edən müfəttişi imtahanın gedişinə qarışmağa vadar edərsə o, qeyri-məqbul qiymət alır.

4.3.İnformasiya kommunikasiya texnologiyaları ilə təchiz edilmiş avtodromlarda sürücülüyə namizədlərdən təcrübi imtahanın qəbul edilməsi və onların sürmə vərdişlərinin qiymətləndirilməsi bu Metodikaya 2 saylı əlavədə göstərilən qaydada həyata keçirilir.

5.Motosikldə imtahan qəbul etmənin təşkili və tələbləri

5.1.İdarəetmə vərdişi, bir qayda olaraq, bir nəfərlik motosikletdə və ya motorollerdə yoxlanılır.

5.2.Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada bu metodikaya 3 saylı əlavəyə uyğun sxem üzrə aparılır.

5.3.Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyi bacarmalıdır:

5.3.1.Düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək.

5.3.2.Ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək.

5.3.3.Kiçik radiuslu döngənin və geri dönmənin icrası (qabarit dairə, ilanvari, səkkizvari).

5.4.Əgər imtahan verən şəxs dairə yaxud ilanvari yaxud da səkkizvari hərəkəti yerinə yetirə bilmirsə imtahan dayandırılır.

5.5.Motosikleti idarə edərkən aşağıdakı hərəkətlər üzrə bir və ya iki səhvə yol verildikdə qeyri-məqbul qiymət verilir.

5.5.1.Dairə və ya ilanvari və yaxud səkkizvari hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunma.

5.5.2.Dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.

Metodistikaya Əlavələr





Çap et  Çap et