Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülük vəsiqəsinin verilməsi

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT

3.Sürücülük vəsiqəsi.

3.1.Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.
3.2.Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır.
3.3.Növündən asılı olmayaraq, hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:
-sahibinin soyadı;
-sahibinin adı və atasının adı;
-sahibinin doğum tarixi və yeri;
-sahibinin yaşayış yeri;
-vəsiqəni vermiş orqanın adı;
-vəsiqənin verilmə tarixi və yeri;
-vəsiqənin etibarlılıq müddəti;
-vəsiqənin nömrəsi;
-vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;
-sahibinin qan qrupu və imzası;
-xüsusi qeydlər;
Sürücülük vəsiqəsinin nümunəsi Təlimata 1 saylı əlavədə göstərilir.

3.4.Sürücülük vəsiqəsinin etibarlılıq müddəti onu verən QİM tərəfindən aşağıdakı kimi müəyyən edilir:
-60 yaşına çatmamış şəxslər üçün - 10 il;
-60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddət;
-70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;
-Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Qeyd: 1.Etibarlılıq müddəti qurtarmış sürücülük vəsiqəsi müvafiq qaydada dəyişdirilir. Vəsiqə sahibinin göstəricilərində (adı, soyadı, ünvan, şəkil, imza və s.) dəyişiklik olmadıqda, onun istəyindən asılı olaraq, vəsiqənin etibarlılıq müddəti bu Təlimatın 3.4. bəndində nəzərdə tutulmuş müddətlər hüdudunda uzadıla bilər. Belə halda sürücülük vəsiqəsinin "Xüsusi qeydlər" qrafasında müvafiq qeydlər edilir.
3.5.Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində ("Permis de conduire"), vəsiqədə göstərilən məlumatların adı isə azərbaycan və ingilis dillərində yazılır. Başqa məlumatlar isə azərbaycan dilində yazılır. Sürücülük vəsiqəsinin və onun rekvizitlərinin adı rus dilində təkrarlana bilər.
3.6.Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumağa borcludur və onu itirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə olunur.

4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması (ixtisaslarının artırılması) üzrə tədris müəssisələrinin qeydiyyata alınması və onların fəaliyyətinə nəzarət qaydaları.

4.1.Avtomotonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri BDYPİ-də qeydiyyata alınmalıdır.
4.2.Sürücü kadrlarının hazırlanması və onların ixtisaslarının artırılması məqsədi ilə yeni yaradılmış tədris müəssisələrinin qeydiyyata alınması üçün bu təşkilatlarda həmin müəssisələrin bu fəaliyyət növü ilə məşğul olmasının hüquqi əsasları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il 41 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında" Əsasnamənin tələblərinə uyğunluğu barədə müvafiq yoxlamalar təşkil edilir. Yoxlama komissiyası, bir qayda olaraq, aşağıdakı tərkibdə yaradılır:
-BDYPİ-nin əməkdaşı (sədr);
-tədris müəssisəsinin və onların baş idarələrinin, eləcə də digər nazirlik və baş idarələrin nümayəndələri (komissiyanın üzvləri).
4.3.Nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının keyfiyyətinə mənfi təsir göstərən səbəblərin araşdırılması və onların aradan qaldırılması məqsədi ilə tədris müəssisələrinin fəaliyyətinin yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında aparılır. Hər il növbəti yoxlamaların aparılması üçün plan müəyyən edilir. Planda yoxlamanın müddəti və digər şərtlər əks olunur. Zəruri hallarda növbədənkənar yoxlamalar da həyata keçirilə bilər.
4.3.1.Yoxlama zamanı tədris müəssisəsinin maddi-texniki bazasının vəziyyəti, sürücülərin müəyyən edilmiş müddətdə hazırlanması və onların ixtisaslarının artırılması proqramlarına və Nazirlər Kabinetinin 41 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnamənin tərəblərinə riayət olunması vəziyyəti, eləcə də mühəndis - pedaqoji işçilərin, istehsalat ustalarının, təlimatçıların bilik səviyyələri müəyyən olunur. Eyni zamanda, göstərilən Əsasnaməyə uyğun keçirilən dərslərin metodiki vasitələrlə təmin olunması və sürmə vərdişi üzrə ilkin təlim avtodromlarının və bağlı meydançaların, yollarda sürmə təlimi keçmək üçün nəzərdə tutulmuş mexaniki nəqliyyat vasitələrinin texniki avadanlıqlaşdırılması vəziyyəti yoxlanılır.
4.3.2.Yollarda sürücülük təlimi keçən təlimatçının təlim nəqliyyat vasitəsinə uyğun azı 5 il sürücülük stajına malik olmasına dair sənədi, habelə sürücülük vəsiqəsi olmalıdır.
4.3.3.Yoxlamanın nəticəsi sərbəst formada tərtib edilmiş aktla sənədləşdirilir. Yoxlamanın nəticələrinə dair akt və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə iradnamələr, tələbnamələr və göstərişlər müvafiq qərar qəbul edilməsi üçün əsas olan hüquqi sənəddir.
4.4.Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması üçün tədris qruplarında təhsil alanların sayı 10-30 nəfər olmalıdır.
4.4.1.Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində hər bir tədris qrupu ərazi üzrə QİM-də qeydiyyata alınmalıdır. QİM-ə daxil olan bu Təlimata 3 saylı əlavəyə uyğun formada hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində BDYPİ-nin Respublika Qeydiyyat-İmtahan Şöbəsinə göndərilməlidir.
4.5.Maddi-texniki bazası qeyd olunan Əsasnamənin tələblərinə cavab verməyən, eləcə də BDYPİ-nin təqdimatlarından nəticə çıxarmayan tədris təşkilatının qrupları QİM-də qeydiyyata alınmır. Bu haqda tədris təşkilatına və onun baş idarəsinə yazılı məlumat göndərilir. Təşkilatın tədris qrupları yalnız aktda göstərilən nöqsanlar aradan qaldırıldıqdan və bu Təlimatın 4.1.-4.3. bəndlərində göstərilmiş qaydaların tələbləri yerinə yetirildikdən sonra təkrar qeydiyyata alına bilərlər.

5.İmtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsi qaydaları

5.1.Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
5.1.1.İmtahanlar əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Təlimata 7 və 8 saylı əlavələrə uyğun aparılır.
5.2.Nəzəri və təcrübi imtahanlar QİM-də təşkil olunmuş imtahan komissiyası tərəfindən qəbul edilir. QİM-də imtahanlar tədris müəssisələri üzrə imtahan komissiyasının müəyyən etdiyi günlərdə qəbul edilir.
5.3.Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
-sədr-qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
-üzvlər-tədris, avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
5.4.İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imitahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
-avtomobil ixtisası üzrə ali, və ya orta texniki təhsili;
-imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
5.5.Tədris müəssisələrinin müdavimləri QİM-ə aşağıdakı sənədləri təqdim edirlər:
-bu Təlimatın 2.10. və 2.11. bəndlərində göstərilmiş şəxslər istisna olmaqla, müvafiq kateqoriyaya aid nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə şəhadətnamə;
-bu Təlimatın 2.10. bəndlərində göstərilən şəxslər üçün, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış, ya da diploma əlavə;
-müvafiq kateqoriya üzrə imtahanlara müstəqil hazırlaşmış şəxslər üçün, onların BDYPİ-də qeydiyyata götürülməsi barədə sənəd;
-müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış;
-imtahan və sürücülük vəsiqəsi verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ödənc, rüsum və ya haqqın ödənilməsi barədə qəbzlər;
-Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində xarici vətəndaşın qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi).
5.6.Sürücülük vəsiqəsi yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən müvafiq qaydada verilir.
5.7.Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmamalıdırlar.
5.8.Bu Təlimatın 2.10.maddəsinin tələblərinə uyğun olaraq, imtahanlara buraxılmış şəxslərdən təkrar imtahanlar 20 gün keçdikdən sonra qəbul olunmalıdır.
5.9.Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Təlimatın 4 saylı əlavəsinə uyğun formada protokolla sənədləşdirilir.
5.10.Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslılığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir. Verilən sürücülük vəsiqələri bu Təlimata 5 saylı əlavəyə uyğun formada reyestrdə qeydiyyata alınır.





Çap et  Çap et