Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

İnzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq

29 noyabr 2011-ci il

Bu ilin iyul ayında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilərək yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydasını müəyyənləşdirən yeni maddə əlavə edilmişdir. Yeni maddədə  inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxsin cərimə bildirişi üzrə müvafiq məbləği 3 iş günü müddətində banka ödədiyi halda tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilməsi, 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə isə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulunun hesablanması, habelə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədikdə həmin qərarı qəbul etmiş məhkəmə və ya DYP-nin vəzifəli şəxsi tərəfindən inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Lakin qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsindən 5 aya yaxın müddət keçməsinə baxmayaraq bu günə qədər xeyli sayda inzibati xəta törətmiş şəxs tərəfindən cərimə bildirişi üzrə müvafiq məbləğin banka ödənilmədiyi müəyyən edilmişdir. Bunu nəzərə alınaraq Baş DYP İdarəsi bir daha nəqliyyat vasitələri sahiblərinin və sürücülərinin nəzərinə çatdırır ki, inzibati xəta törətmiş şəxslərin cərimə bildirişi üzrə 2 ay müddətində müvafiq cərimə məbləğini banka ödəmədiklərinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilərək həmin nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən dayandırılacaq, onu idarə edən şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılacaq və nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağında saxlanılacaq. Nəqliyyat vasitəsinin sahibinə qaytarılması isə yalnız cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra mümkün olacaq.

xəbərlərin arxivi




Çap et  Çap et