Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2013-cü il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

08 fevral 2014-cü il

Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2013-cü il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər rübaşırı ümumiləşdirilərək kompleks təhlil edilmiş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir.

Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Ölkə ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının yol hərəkəti sahəsində intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat travmatizminin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aprel ayının 1-dən 30-dək «Yollarda həmrəy olaq, təhlükədən uzaq olaq!», sentyabr ayının 10-dan oktyabr ayının 10-dək isə «Diqqət uşaqlar» devizi altında təhlükəsizlik aylıqları keçirilmiş, tədbirlərlə bağlı məlumatlar kütləvi informasiya vasitələrində, televiziya kanallarında yayımlanmışdır.

Ölkə Başçısının 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərancamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın icrası ilə əlaqədar tədbirlər davam etdirilmiş, hüquq pozmalarla bağlı müraciətlərə və şikayətlərə baxılması işi təkmilləşdirilmiş, vətəndaşlara birbaşa baş idarənin rəhbərliyinə müraciət etmə imkanları yaradılmışdır. İctimaiyyətlə əlaqələr genişləndirilmiş, DYP-nin fəaliyyətini əks etdirən internet səhifəsi müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz edilmişdir. Xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə, rüsum və vergilərin yığılması işi də təkmilləşdirilmiş və bu sahədə şaffaflıq artırılmışdır.

2013-cü il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 1.429.781 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 10.424, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 299.368, ötmə qaydalarının pozulması üzrə 28699, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 52620, sərnişin daşıma qaydalarının pozulması üzrə 4727 fakt aşkar etmişlər. YHQ pozuntusuna görə 2636 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.

Cari il ərzində əməkdaşlarımız tərəfindən avtoxuliqanlıq edən 703 şəxs, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi üzrə

10.578 fakt aşkar edilmiş və həmin nəqliyyat vasitələrinin sürücüləri müvafiq inzibati məsuliyyətə cəlb edilmişdir.

2013-cü il ərzində «Siqnal» İİLİ tərəfindən 50 yeni svetofor obyekti quraşdırılmış, 8113 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 3.023.939 pm cizgiləmə işi aparılmışdır.

«Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloci vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün Kompleks Tədbirlər Planı»nında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası üzrə işlər davam etdirilmiş, avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 7276 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.

Baş idarənin əməkdaşları tərəfindən 2013-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 105.076 avtomobil ilkin qeydiyyata alınmış, respublikanın avtomobil parkının sayı 1.245.677 təşkil etmişdir. Il ərzində vətəndaşlara 101 min 897 sürücülük vəsiqəsi verilmişdir.

Nəqliyyatın sayının təxminən 10%-dək artmasına baxmayaraq ümumilikdə il ərzində yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2012-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında azalma qeydə alınmışdır. Belə ki, 2013-cü il ərzində respublika ərazisində 2846 YNH-i qeydə alınmış, nəticədə 1164 nəfər həlak olmuş, 2948 nəfər yaralanmışır. 2012-ci illə müqayisədə YNH-nin sayı 46 fakt (1,6%), həlak olanların sayı 4 nəfər (0,3%) yaralananların sayı isə 49 nəfər (1,6%) azalmışdır.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 323 YNH-i qeydə alınmış, nəticədə 343 nəfər həlak olmuş, 210 nəfər yaralanmışdır. 2012-ci illə müqayisədə YNH-nin, onların nəticəsində həlak olanların və yaralananların sayı uyğun olaraq 67 fakt (17,2%), 4 nəfər (1,2%) 39 nəfər (15,7%) azalmışdır.

Bakı şəhəri ərazisində 1011 YNH-i qeydə alınmış, bunların nəticəsində 342 nəfər həlak olmuş, 1000 nəfər yaralanmışdır. 2012-ci illə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 57 fakt (5,3%) və 126 nəfər (11,2%) azalmış, həlak olanların sayı isə 12 nəfər (3,6%) artmışdır.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,8%-i (2641) sürücülərin YHQ pozmaları, o cümlədən 29,1%-i (828) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 31,2%-i (887) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,4%-i (240) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (78) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 38,5%-ni (1097) piyadaların vurulması təşkil etmiş, nəticədə 398 piyada həlak olmuş, 784-ü yaralanmışdır. 119 YNH-i piyadaların YHQ

pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 81 nəfər uşaq və yeniyetmə həlak olmuş, 268 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 1164 nəfərdən 914-ü kişilər, 250-i qadınlar, xəsarət almış 2948 nəfərdən isə 2229-u kişilər, 719-u qadınlar təşkil etmişlər.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 4 ədəd tüfəng (2 ədəd yivsiz və 2 ədəd TOZ-8), 3 ədəd tapança (2 ədəd yivsiz və 1 ədəd qaz), 6 ədəd avtomat, 5 ədəd «F1» və 1 ədəd «RQD-5» əl qumbaraları, 2 ədəd avtomat sandıqçası, 990 ədəd müxtəlif kalibirli patronlar aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.

İl ərzində polisin digər xidmətləri ilə birgə 39 fakt üzrə: 47 kiloqramdan çox (o cümlədən 6 kq 712 qram marixuana, 7 kq 5 qram heroin, 29 kq 369 qram tiryək, 9 kq 35 qram həşiş qətranı, 48 qram metadon, 0,314 qram metanfetamin) narkotik maddə və 1479 ədəd çətənə kolu aşkar olunmuşdur.

2013-cü il ərzində BDYPİ-nə 350 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 282-i tapılmışdır. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 36 şəxs və 47 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 275 fakt və 204 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir.

DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
xəbərlərin arxivi




Çap et  Çap et