Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2015-ci il ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

20 yanvar 2016-cı il

Azərbaycan respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən 2015-ci il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab O.Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış, xidməti istifadə üçün yerlərə göndərilmişdir.

Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.

Ötən il ərzində xidmətlə bağlı DİN-in bir sıra göstərişləri, o cümlədən xidməti nəqliyyat vasitələrini idarə edən polis əməkdaşların qanunvericiliyin tələblərini pozması hallarının tam aradan qaldırılması, qeyd olunan məsələ ilə əlaqədar təsirli tədbirlərin görülməsi və onların fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə 14.03.2015-ci il tarixli, «İstismara yararsız vəziyyətə düşmüş və DYP-nin mühafizə olunan duracaqlarında uzun müddət saxlanılan nəqliyyat vasitələri ilə bağlı tədbirlərə dair» 16.03.2015-ci il tarixli, «Dövlət Yol Polisi əməkdaşlarının xidməti istifadələrində olan nəqliyyat vasitələrinin istismarı sahəsində məsuliyyətlərinin artırılması barədə» 15.05.2015-ci il tarixli, sərnişindaşıma fəaliyyəti sahəsində tədbirlərin gücləndirilməsinə dair 2015-ci il 8 avqust tarixli, yol-nəqliyyat hadisələrinin uçotu və qeydiyyatının aparılması sahəsində intizamın gücləndirilməsinə dair 2015-ci il 14 sentyabr tarixli, «Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilmə hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair» DİN BDYPİ-nin 02.12.2015-ci il tarixli, xidməti ərazilərdə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə «Təhlükəsilik tədbirlərinin gücləndirilməsinə dair» DİN BDYPİ-nin 19.11.2015-ci il tarixli göstərişləri hazırlanaraq icraya yönəldilmiş və icrası nəzarətdə saxlanılmışdır.

Ölkə başçısının müvafiq Fərmanları ilə «Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər əsasında xidməti tənzimləyən normativ-hüquqi aktların qanunlara uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görülmüşdür.

«Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının, Nazirlər Kabinetinin «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının və DİN-in 08.12.2011-ci il tarixli 749 nömrəli əmrinin icrası ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir.

«İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanına əsasən Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir. Ötən il ərzində mərkəzi informasiya sisteminə daxil olmuş 660.365 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilmişdir.
Ümumilikdə 2015-ci il ərzində yol hərəkətinə nəzarət prosesində 2.528.938 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17.141, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 775.565, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 190.485, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 151.532, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 87.700, sərnişin daşıma qaydalarının pozulması üzrə 5.208 fakt aşkar edilmişdir. YHQ pozuntusuna görə 4.241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.  
Paytaxtda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkət hissəsi dağılmış, qazıntı işləri aparılan küçə və yolların hərəkət üçün normal vəziyyətə gətirilməsi, eləcə də tədbir yerlərinə aparan magistral küçələrdə nəqliyyat sıxlıqlarının azaldılması məqsədilə tikinti təşkilatları tərəfindən hərəkət hissəsi bağlanılmış küçələrin hərəkət üçün müvəqqəti açılması barədə nəqliyyat nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər göndərilmiş, paytaxta daxil olan avtomobillərin parklanması üçün əlavə dayanacaq yerlərinin yaradılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Tədbir keçirilən ərazilərə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilmiş, I Avropa Oyunları keçirilmiş idman obyektlərinin yerləşdiyi ərazilərdə obyektlərin təchizatını, məişət tullantıları və digər yüklərinin daşınmasını həyata keçirən avtonəqliyyat vasitələrinə icazə blankları verilmişdir.
Eləcə də, paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının azaldılması ilə bağlı əhalinin maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrinin və televiziya kanallarının imkanlarından geniş istifadə edilməklə əhaliyə mütəmadi məlumatlar verilmişdir.
Oyunların keçirildiyi müddətdə DYP-nin şəxsi heyəti DİN-in müvafiq göstərişinə əsasən gücləndirilmiş iş rejimində xidmət aparmış, tədbirə gəlmiş qonaqların, yarış iştirakçılarının və rəsmi nümayəndə heyətlərinin hərəkət marşrutları üzrə təhlükəsiz hərəkəti və müşayiəti peşəkarlıqla təmin edilmişdir. DYP əməkdaşları ölkədə keçirilən digər dövlət tədbirləri zamanı da yol hərəkəti təhlükəsizliyinin təmini və asayişin mühafizəsi sahəsində üzərilərinə düşən məsul vəzifələri layiqincə yerinə yetirməyə çalışmışlar.
Ötən il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı yol hərəkəti iştirakçılarının məlumatlandırılması sahəsində müxtəlif televiziya və radio kanallarında geniş izahat işləri aparılmış, o cümlədən BDYPİ-nin «Space» TV ilə birgə layihəsi çərçivəsində «Siqnal» proqramında 48 veriliş hazırlanaraq tamaşaçılara təqdim olunmuş, canlı yayımda tamaşaçıların sualları, həmçinin Baş idarədə yeni yaradılmış 902-«Qaynar xətt» xidmətinə daxil olan şifahi sorğular cavablandırılmışdır.  
Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 2486 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 4147 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.
Ötən il ərzində «Siqnal» İİLİ tərəfindən 100 svetofor obyekti quraşdırılmış, 25.746 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 2.763.016 pm cizgiləmə işi aparılmışdır.
Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 32.721 avtomobil ilkin qeydiyyata alınmış, 50.977 ilkin sürücülük vəsiqəsi verilmişdir.
Ötən il ərzində respublika ərazisində 2220 YNH-i qeydə alınmış, nəticədə 894 nəfər həlak olmuş, 2265 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin sayı 415 fakt  (15,7 %), həlak olanların sayı 230 nəfər (20,5 %), yaralananların sayı isə 411 nəfər (15,4 %) azalmışdır.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 257 YNH-i qeydə alınmış, nəticədə 289 nəfər həlak olmuş, 119 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 47 fakt (15,5 %), 29 Nəfər (9,4 %) və 72 nəfər (37,2 %) azalmışdır.
Bakı şəhəri ərazisində 797 YNH-i qeydə alınmış, bunların nəticəsində 229 nəfər həlak olmuş, 850 nəfər yaralanmışdır. 2014-cü illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 104 fakt (11,5 %), 84 nəfər (26,8 %), 44 nəfər (4,9 %) azalmışdır.
 Respublika üzrə qeydə alınmış YNH-nin 94,5 %-i (2098) sürücülərin YHQ pozmaları, o cümlədən 36,9 %-i (821) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 27,4 %-i (609) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 9,5 %-i (212) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,4 %-i (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. YNH-nin 41,6 %-ni (923) piyadaların vurulması təşkil etmiş, nəticədə 333 piyada həlak olmuş, 673-ü yaralanmışdır. 65 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 71 nəfər uşaq və yeniyetmə həlak olmuş, 212 nəfər yaralanmışdır. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 894 nəfərdən 726-nı kişilər, 168-ni qadinlar, xəsarət almış 2265 nəfərdən isə 1652-ni kişilər, 613-nü qadinlar təşkil etmişlər.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 3 ədəd avtomat silah («Kalaşnikov» tipli), 3 ədəd tüfəng, 10 ədəd avtomat sandıqçası, 389 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
İl ərzində baş idarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 130-u tapılmışdır.
DİN Baş DYP İdarəsi azərbaycan respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.
xəbərlərin arxivi




Çap et  Çap et