Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

2016-cı ilin yarımili ərzində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən tədbirlər barədə

20 iyul 2016-cı il

Azərbaycan Respublikası DIN-in Kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DIN-in Baş Dövlət Yol Polisi Idarəsi və onun yerlərdəki qurumları tərəfindən 2016-cı ilin I yarımili ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.

Yarımil ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab O.Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış, xidməti istifadə üçün yerlərə göndərilmişdir.

Dövlət yol polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.
Ötən yarımil ərzində xidmətlə bağlı DIN-in bir sıra göstərişləri, o cümlədən “Piyadalara tətbiq edilən cərimələrin ödənilməsinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi barədə”, “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadan idarə edilmə hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair”, “Yol hərəkətindən kənarlaşdırılmış nəqliyyat vasitələrinin mühafizə olunan duracaqlara yerləşdirilməsi ilə bağlı tədbirlərə dair”, “Sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair”, “Piyadalar diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinin keçirilməsi barədə”, “Sərnişin daşınması sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair”, “Avtomobil yollarında mal-qara sahiblərinin yol hərəkəti qaydalarına riayət etmələri sahəsində məsuliyyətin gücləndirilməsi barədə”, “Kənd təsərrüfatı və ərzaq məhsullarının daşınması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlərə dair”, “DIN-in müvafiq göstərişinin icrası ilə bağlı əlavə tədbirlərə dair” və “Şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumları əməkdaşlarının BDYPI-nin “Siqnal” idarəsi və onun regional istismar sahələrinin əməkdaşları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmələrinə dair” göstərişləri hazırlanaraq icraya yönəldilmiş və icrası nəzarətdə saxlanılmışdır.

Ölkə Başçısının 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə 2016-cı ilin 1 mart tarixindən tətbiq edilmiş yeni Inzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla xidməti tənzimləyən normativ hüquqi aktların həmin Məcəlləyə uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görülür.
 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbayjan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli    429 nömrəli Fərmanının, Nazirlər Kabinetinin “Mərkəzi ijra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarının və DIN-in əmrinin icrası ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir.

 “Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 631 nömrəli Fərmanına əsasən məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilmişdir.

Ölkə Başçısının 05.10.2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Açıq Hökumətin təşviqinə dair” və “Korrupsiyaya qarşı mübarizəyə dair” 2012-2015-ci illər üçün Milli Fəaliyyət planları”nın daxili işlər orqanlarında yerinə yetirilməsinə dair iş planlarının aidiyyəti bəndlərinin icrası məqsədilə ictimaiyyətlə əlaqələr genişləndirilmiş, DYP-nin fəaliyyətini əks etdirən internet səhifəsinin müntəzəm olaraq xidmətə dair məlumatlarla təchiz edilməsi və məlumatların yenilənməsi, KIV-dən istifadə olunmaqla DYP-nin fəaliyyəti ilə bağlı vətəndaşların suallarının cavablandırılması təmin olunmuş, xidməti fəaliyyətlə bağlı tətbiq edilən cərimə və rüsumların yığılması işində şaffaflıq artırılmışdır.

Ümumilikdə 2016-cı ilin I yarımili ərzində yol hərəkətinə nəzarət prosesində 1.402.254 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 6574, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 719.542, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 55.529, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 60.119, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 34.912, sərnişin daşıma qaydalarının pozulması üzrə 2.771 fakt aşkar edilmişdir. Yol hərəkəti qayda pozuntusuna görə 2.767 nəfərin sürücülük hüququ məhdudlaşdırılmışdır.  
Hesabat dövründə avtoxuliqanlıq etdiyinə görə 183, şüşələrinə plyonka və örtüklər çəkilmiş 2.404 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülmüşdür.
Həmçinin, Bakı şəhərində və şəhər ətrafında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin təşkili sahəsində tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilmiş, yolların buraxılış qabiliyyətinin artırılması məqsədilə yeni yol nişanları qurulmuş, boya ilə cizgilənmə işləri aparılmışdır. Ötən yarımil ərzində “Siqnal” Ixtisaslaşdırılmış-layihə Istehsalat Idarəsi tərəfindən 18 svetofor obyekti quraşdırılmış, 7.257 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda  492.600 pm cizgiləmə işi aparılmışdır.

Ötən yarımil ərzində 2016-cı il 1 mart tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Inzibati Xətalar Məcəlləsi və ona edilmiş əlavə və dəyişikliklərlə bağlı yol hərəkəti iştirakçılarının məlumatlandırılması sahəsində müxtəlif televiziya və radio kanallarında geniş izahat işləri aparılmış, o cümlədən BDYPI-nin “Space” TV ilə birgə layihəsi çərçivəsində «Siqnal» proqramında 24 veriliş hazırlanaraq tamaşaçılara təqdim olunmuş, canlı yayımda tamaşaçıların sualları, həmçinin Baş idarədə yeni yaradılmış “902-Qaynar xətt” xidmətinə daxil olan 26.480 şifahi sorğu cavablandırılmışdır.  
Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışdan keçməyən nəqliyyat vasitələri ilə bağlı araşdırmaların aparılması, texniki cəhətdən nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınması, bu xətalara görə sürücülərin və digər aidiyyəti şəxslərin inzibati məsuliyyətə cəlb olunması sahəsində tədbirlər davam etdirilmişdir. Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə DIN-in BDYPI-nin müayinə mərkəzinin və regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinin diaqnostika stansiyalarının imkanlarından istifadə edilmişdir.
Baş idarənin əməkdaşları tərəfindən ötən yarımil ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 5.235 avtomobil ilkin qeydiyyata alınmış, respublikanın avtomobil parkının sayı 1.343.611 təşkil etmişdir. Yarımil ərzində vətəndaşlara 19.790 ilkin sürücülük vəsiqəsi verilmişdir.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması sahəsində həyata keçirilmiş profilaktik tədbirlər öz müsbət nəticələrini vermiş, ötən yarımil ərzində qəzaların, onların nəticəsində həlak olanların və yaralananların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır. Belə ki, ötən yarımil ərzində respublika ərazisində 905 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 304 nəfər həlak olmuş, 970 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), yaralananların sayı isə 147 nəfər (13,2%) azalmışdır.
DIN-in BDYPİ-nin YPXA-nın xidmət ərazisində hesabat dövründə 100 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 107 nəfər həlak olmuş, 44 nəfər yaralanmışdır. 2015-ci ilin I yarımili ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 20 fakt (16,7%), 23 nəfər (17,7%) və 16 nəfər (26,7%) azalmışdır.
Bakı şəhəri ərazisində 323 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 73 nəfər həlak olmuş, 342 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə  yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4%) azalmışdır.

 Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 95,7%-i (866) sürücülərin yol hərəkəti qayda pozmaları, o cümlədən 39,1%-i (354) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,4%-i (212) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması,  13,3%-i (120) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (21) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 42,8%-ni (387) piyadaların vurulması təşkil etmiş, nəticədə 130 piyada həlak olmuş, 289-u yaralanmışdır. 19 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olmuş, 80 nəfər yaralanmışdır. Ümumiyyətlə yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 304 nəfərdən 232-ni kişilər, 72-ni qadınlar, xəsarət almış 970 nəfərdən isə 696-nı kişilər, 274-nü qadınlar təşkil etmişlər.
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən ötən yarmil 4 ədəd avtomat silah («Kalaşnikov» tipli), 8 ədəd tüfəng, 1 ədəd tapanca, 15 ədəd (F1) əl qumbarası, 18 ədəd avtomat sandıqçası, 1894 ədəd müxtəlif kalibirli patron və 200 qr trotil  aşkar edilərək istintaq orqanlarına təhvil verilmiş, məlumat bazası ilə axtarışda olan 6 nəfər şəxs və qaçırılmış 35 avtomobil saxlanılmışdır.

Ötən yarımil ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 18 şəxs və 12 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 477 fakt və 41 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına  göndərilmişdir.
Yarımil ərzində baş idarəyə 113 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 74-ü tapılmışdır.
DIN Baş DYP Idarəsi Azərbaycan Respublikasının DIN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini davam etdirir.

xəbərlərin arxivi




Çap et  Çap et