Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. (çıxarılıb)
3. “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
4. (çıxarılıb)
5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 15 mart 1999-cu il
№ 41
| Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında
ƏSASNAMƏ
I. Ümumİ müddəalar
1.1. Bu Əsasnamə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.
1.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması maddi-texniki baza və texniki metodiki tədris vasitələri ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəyi nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alınmış tədris müəssisələrində və kurslarda həyata keçirilir. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisasının artırılması dövlət təhsil standartları əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris plan və proqramı ilə aparılır.
1.2-1. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
1.3. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir və keçirilir.
Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq olunmuş proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
II. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanması və onların İxtİsasının artırılmasının təşkİlİ
2.1. "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təlim sistemi aşağıdakıları özündə əks etdirir:
a) “C” və “D” kateqoriyalı, “C1” və “D1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, “A” və “B” kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı və “B1” altkateqoriyalınəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir, tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı olan şəxslərdən təşkil olunmuş kurslarda həyata keçirilir;
b) "B", "C", "D", "BE", "CE", “DE” kateqoriyalı və “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalıavtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 aydır.
“C” kateqoriyalı və “C1” altkateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması "B" kateqoriyalı avtomobil nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
“BE” kateqoriyası və “C1E” altkateqoriyası müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini ən azı bir il, “CE” və “DE” kateqoriyaları müvafiq olaraq “C” və ya “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il, “D” kateqoriyası, tramvaylar və trolleybuslar və “D1” altkateqoriyası “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı beş il, “D1E” altkateqoriyası “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı iki il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir.
c) Kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından (altkateqoriyasından) asılı olaraq aşağıdakı kimi müəyyən edilir:
"Al" kateqoriyası üzrə - 16 yaşdan;
A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə - 18 yaşdan;
“BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə - 19 yaşdan;
“CE” kateqoriyası üzrə – 21 yaşdan;
“D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə - 23 yaşdan;
“D1E” altkateqoriyası üzrə – 25 yaşdan;
“DE” kateqoriyası üzrə - 26 yaşdan.
2.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması istehsalatdan ayrılmaqla və ayrılmamaqla həyata keçirilir.
2.3. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədris müəssisələrinə və kurslara daxil olmaq istəyən şəxslər qəbul qaydalarına uyğun olaraq seçdiyi nəqliyyat vasitələrinin kateqoriyasını (altkateqoriyasını) göstərməklə müəssisənin rəhbərinin adına ərizə yazırlar.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1”, “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üçün:
ərizə və ya təhsil almağa göndərilən şəxslər üçün müəssisənin (birliyin, assosiasiyanın, təşkilatın) göndərişi;
müəyyən edilmiş formada tibbi arayış;
3,5´4,5 sm ölçüdə üç ədəd fotoşəkil;
təhsil haqqında sənədin əsli, əgər varsa (şəxsən təqdim edilir);
şəxsiyyət vəsiqəsinin surəti;
təhsil haqqının ödənilməsi barədə qəbz (ödənişli qruplar üçün);
b) “B”, “C” kateqoriyalı və “B1”, “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üçün “a” bəndində göstərilən sənədlərdən əlavə sürücülük vəsiqəsi, “D”, “DE” kateqoriyalarına və “D1”, “D1E” altkateqoriyalarına aid olanlar üçün isə göstərilən sənədlərdən əlavə olaraq müvafiq avtomobil nəqliyyatı vasitələrində sürücülük iş stajını təsdiq edən əmək kitabçasından çıxarışı və Dövlət Yol Polisinin müvafiq arayışı təqdim olunur.
Müdavimlərin təhsilə qəbulu, eləcə də onların buraxılışı və yaxud xaric edilməsi tədris müəssisəsi (təşkilatı) rəhbərinin əmri ilə sənədləşdirilir.
2.4. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üçün tədris qruplarında müdavimlərin sayı 10—30 nəfər olmalıdır.
Tədris müəssisələrində məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu bu Əsasnaməyə 1 nömrəli əlavəyə uyğun formada təhsil alanların siyahısını və sifariş təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Məntəqəsində (QİM) qeydiyyata alınmalıdır. QİM-ə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-yə göndərilməlidir.
2.5. Tədris müəssisələrində müdavimlərin tədris prosesinə nəzəri və laboratoriya-təcrübə məşğələləri, ilk tibbi yardım, avtomobil nəqliyyatı vasitələrinin idarə edilməsi üçün sürmə təlimi daxildir.
2.6. Nəzəri, laboratoriya-təcrübə məşğələləri və ilk tibbi yardım təchiz edilmiş kabinetlərdə (siniflərdə) və laboratoriyalarda keçirilir. Avtomobil nəqliyyatı vasitələrində sürmə təlimi avtomotorenajorlarda və təlim avtodromlarında (meydançada) keçirilir. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin istehsal tarixi beş ildən artıq olmamalıdır və onun qabağında və arxasında bərabər tərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş, qırmızı haşiyəyə alınmış və içərisində qara rəngdə “Təlim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilin damında iki tərəfli nişan qoyulmasına yol verilir) nişan qoyulur.
Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyə öyrənən şəxsin, onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir. Sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsinin sürmə təlimi vermək hüququna dair sənədi və vəsiqəsi olmalıdır.
2.7. Tədris planı və proqramları ilə müəyyən edilmiş bütün növ məşğələlər təsdiq olunmuş dərs cədvəli üzrə keçirilir, sürmə məşğələləri isə avtomobil nəqliyyatı vasitələrinin sürmə təliminin növbəlik qrafiki üzrə aparılır.
2.8. Bütün növ məşğələlərin uçotu müəyyən olunmuş forma üzrə təlimin uçotu jurnallarında, sürmə təlimi isə bundan əlavə yol vərəqələrində və fərdi sürmə təlimi kitabçalarında aparılır (2 nömrəli əlavə).
III. Nəqlİyyat vasİtələrİ sürücülərİnİn hazırlanmasına və onların İxtİsasının artırılmasına rəhbərlİk
3.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyivə Nəqliyyat Nazirliyi bu sahədə fəaliyyət göstərən tədris müəssisələrində və kurslarda Daxili İşlər Nazirliyinin DYP İdarəsi ilə birlikdə respublikada nəqliyyat vasitələrinə sürücü kadrların hazırlanması və onların ixtisasının artırılması prosesinə metodiki rəhbərlik edir və dövlət təhsil proqramları çərçivəsində bu sistemin tənzimlənməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər, sərəncamlar işləyib hayata keçirir.
3.2. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması prosesini həyata keçirən müəssisələr:
respublikada nəqliyyat vasitələri sürücülərinin hazırlanmasına və ixtisasartırmaya olan tələbatı Təhsil Nazirliyi ilə birgə öyrənərək təyin edirlər;
təhsil müəssisələrinin maddi-texniki təchizatının təmin olunması və genişləndirilməsində bilavasitə iştirak edirlər;
hazırlanma və ixtisas artırma prosesini həyata keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsində məsuliyyət daşıyırlar;
nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılmasının təkmilləşdirilməsi üçün elmi tədqiqat işlərində və araşdırmalarda iştirak edirlər;
mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsini həyata keçirirlər;
nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması ilə məşğul olan müəssisələrin qabaqcıl təcrübələrini öyrənir, ümumiləşdirib yayırlar.
3.3. Təhsil müəssisələrinin rəhbər işçilərinin, müəllimlərin və istehsalat təlim ustalarının (təlimatçı sürücülərin) əsas vəzifələri müəyyən olunmuş qayda üzrə təsdiq edilmiş rəhbər vəzifələr və mühəndis-pedaqoji işlər haqqındakı ixtisas xarakteristikaları, təlimatlar və əsasnamələrlə müəyyən edilir.
3.4. Təhsil müəssisəsinin (təşkilatın) bütün fəaliyyətinə rəhbərlik bu Əsasnaməyə uyğun olaraq tədris müəssisəsinin Nizamnaməsi əsasında həyata keçirilir.
3.5. Laborator-təcrübə məşğələlərinin aparılması üçün istehsalat təlimi ustaları ali və ya orta ixtisas təhsilli, avtomobil-traktor ixtisasına malik yüksək istehsalat ixtisaslı və iş təcrübəsi olan şəxslərdən təyin edilir.
3.6. Avtomobil nəqliyyatı vasitələrinin sürülməsi təliminin aparılması üçün istehsalat təlimi ustaları (sürücü təlimatçılar) orta təhsildən orta ixtisas təhsilindən aşağı olmayan, müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələrində üçillik iş stajı və xüsusi proqram üzrə sürmə təliminin metodikası üzrə hazırlıq keçməsi barədə şəhadətnaməsi (3 nömrəli əlavə) olan şəxslərdən təyin edilir.
3.7. Avtonəqliyyat vasitələrinin quruluşu və istismarı fənninin müəllimləri adətən avtomobil-traktor ixtisasları üzrə ali təhsilli şəxslərdən təyin edilir. Yol hərəkəti qaydaları və hərəkətin təhlükəsizliyinin əsasları fənləri üzrə əlavə olaraq avtonəqliyyat vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi tələb olunur.
3.8. Nəqliyyat vasitələri sürücülərini hazırlayan və onların ixtisasını artıran təhsil müəssisələrinin (təşkilatların) mühəndis-pedaqoji işçilərinin ixtisaslarının artırılması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən mövcud qaydada həyata keçirilir.
IV. Tədrİs-maddİ baza
4.1. Avtomobil nəqliyyatı vasitələri sürücülərinin yüksək keyfiyyətli hazırlanmasını və onların ixtisasının artırılmasını təmin etmək üçün tədris müəssisələrində müasir əyani vasitələr, təlimin texniki vasitələri, avadanlıq, cihaz və alətlər, dərslik və dərs vəsaitləri ilə tam təchiz olunmuş tədris kabinetləri (sinifləri) və laboratoriyaları (4 nömrəli əlavə), təlim avtodromu (meydança) və təlim nəqliyyat maşınları olmalıdır.
Təlim avtodromu (meydança) olmadıqda və nəqliyyat maşınlarının çatışmadığı hallarda tədris müəssisələri fiziki və hüquqi şəxslərə məxsus sahələri və nəqliyyat vasitələrini icarəyə götürə bilərlər.
Tədris müəssisələrinin müasir avtomobil nəqliyyatı vasitələri, yanacaq-sürtgü materialları, avadanlıq, ehtiyat hissələri və alətləri ilə təmin edilməsi müəyyən edilmiş qaydada həyata keçirilir.
4.2. Tədris müəssisəsinin bütün avtomobil nəqliyyatı vasitələri ərazi üzrə QİM-də qeydiyyata alınır.
V. Buraxılış İmtahanları
5.1. Müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən etmək üçün, təlimin sonunda müstəqil sürücülük hazırlığını aşkar etmək məqsədi ilə əvvəlcə onlar tədris müəssisələrində məqbul (zaçot) və imtahanları verirlər, sonra ərazi üzrə QİM-də onlardan imtahanlar qəbul edilir. İmtahanların keçirilməsinə qədər əvvəlki ayın 25-nə kimi Qeydiyyat İmtahan Məntəqəsinə imtahanların qəbulu üçün sifariş verilir. Müdavimlərdən imtahanların qəbul edilməsi üçün tədris müəssisəsi rəhbərinin əmri ilə sədr və iki üzvdən ibarət imtahan komissiyası yaradılır. İmtahan komissiyasının tərkibinə əlavə olaraq, onlar üçün sürücü kadrları hazırlayan avtomobil nəqliyyatı müəssisələrinin nümayəndələri də daxil edilə bilər.
5.2. İmtahanlara təsdiq olunmuş tədris planı və proqramları üzrə tam təmin kursunu bitirmiş və bütün fənlərdən müsbət yekun qiymətləri alan müdavimlər buraxılır.
5.3. Tədris qruplarında nəzəri imtahanlar, qüvvədə olan tədris planı və proqramları əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış və təsdiq edilmiş imtahan biletləri üzrə keçirilir.
Nəqliyyat vasitələrinin təcrübi sürmə təlimi üzrə imtahanlar iki mərhələdə keçirilir: əvvəlcə avtodromda, sonra Dövlət Yol Polisi ilə razılaşdırılmış yol hərəkəti şəraitində nəzarət marşrutunda.
5.4. Müdavimlərin bilik, bacarıq və vərdişləri dörd bal sistemi ilə qiymətləndirilir: 5 (əla), 4 (yaxşı), 3 (kafi) və 2 (qeyri-kafi). “3” məqbul hesab edilir.
İmtahanlardan qeyri-kafi qiymət alan müdavimlər yalnız əlavə hazırlıqdan sonra təkrar imtahanlara buraxılır.
5.5. İmtahanların nəticələri protokolla (5 nömrəli əlavə) sənədləşdirilir, komissiyanın sədri və üzvləri, sonra isə tədris müəssisəsinin rəhbəri tərəfindən imzalanır və möhürlənir.
5.6. Tədris müəssisəsində məqbul (zaçot) və imtahanları müvəffəqiyyətlə verən müdavimlərə təlim kursunu bitirmələri barədə şəhadətnamə verilir (6 nömrəli əlavə).
Şəhadətnamə ciddi hesabat sayılır, mətbəə sıra nömrəsi olur və mərkəzləşmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanır.
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə müdavimlərə verilən şəhadətnamə həmin nəqliyyat vasitələrini idarəetmə hüququ verən sənəd sayılmır, müvafiq kateqoriyalı (altkateqoriyalı) avtomobil nəqliyyatı vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsinin alınması üzrə imtahanlara buraxılması üçün Dövlət Yol Polisi idarəsinə təqdim edilir.
5.7. Tədris qrupunun tədris sənədləri və imtahan komissiyalarının protokolları 75 il ərzində müəssisələrdə saxlanılır.
Tədris müəssisələrinin bitirilməsi barədə şəhadətnamə itirildiyi halda məzunun ərizəsi və imtahan komissiyasının protokolu əsasında ona dublikat şəhadətnamə verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 4 nömrəlİ Əlavə |
Avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanmasını və onların ixtisaslarının artırılmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin (siniflərinin) və qurğularının
Siyahısı
1. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti (sinfi).
2. Avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabineti (sinfi).
3. Yol hərəkəti qaydaları kabineti (sinfi).
4. Hərəkətin təhlükəsizliyi və ilk tibbi yardım kabineti (sinfi).
5. Avtomobil nəqliyyatı vasitələrinin quruluşu üzrə laboratoriya.
6. Avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq üzrə laboratoriya.
7. Avtomobil trenajorları kabineti (sinfi).
8. Təlim avtodromu.
Kabinetlərin (siniflərin) və laboratoriyaların miqdarı tədris müəssisəsi üçün müəyyən olunmuş avtomobil nəqliyyatı vasitələri sürücülərinin hazırlanması və yenidən hazırlanması planına müvafiq olaraq orta illik kontingentə əsasən təyin edilir.
Kifayət qədər auditoriya fondu olduqda avtomobil nəqliyyatı vasitələrinin kateqoriyaları (altkateqoriyaları) üzrə, eləcə də proqramın ayrı-ayrı bölmələri (mövzuları) üzrə ixtisaslaşdırılmış quruluş, avtomobil nəqliyyatı vasitələrinin istismarının əsasları kabinetləri təşkil edilə bilər.
Kifayət qədər auditoriya fondu olmadıqda isə avtomobil nəqliyyatı vasitələrinin quruluşu kabineti, istismarın əsasları və əməyin mühafizəsi kabinetləri ilə, yol hərəkəti qaydaları kabineti isə hərəkət təhlükəsizliyinin əsasları kabineti ilə birləşdirilə bilər.
Fərdi avtomobil nəqliyyatı , "A" kateqoriyalı və “A1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin kabinetlərinin və qurğularının
Siyahısı
1. Quruluş və texniki qulluq kabineti (sinif).
2. Yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabineti (sinif).
3. Avtotrenajorlar kabineti (sinif).
4. Sürmə təlimi üçün meydança.
Kifayət qədər auditoriya fondu olmadıqda quruluş və texniki qulluq, yol hərəkəti qaydaları və hərəkət təhlükəsizliyinin əsasları kabinetləri birləşdirilə bilər.
Avadanlığın təxmini
Sİyahısı
I. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu kabİnetİ (sİnfİ)
Öyrənilən markalar üzrə avtomobillərin (avtobusların) əsas yığma vahidlərinin kəsilmiş halda dəstləri, ayrı-ayrı mexanizmləri, sistemləri və hissələri:
1. | İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərrik (yığılmış halda) | — 2 ədəd |
2. | Ötürmələr qutusu (yığılmış halda) | — 2 ədəd |
3. | Bölüşdürücü qutu (yığılmış halda) | — 2 ədəd |
4. | Qabaq aparan körpülər və arxa körpülər | — 2 ədəd |
5. | Hidravlik gücləndirici sükan mexanizmi (yığılmış halda) | — 1 ədəd |
6. | Bucurğad (yığılmış halda) | — 1 ədəd |
7. | Çarxqolu-sürgüqolu mexanizminin hissələri | — 2 kom. |
8. | Qazpaylama mexanizmin hissələri | — 2 kom. |
9. | Soyutma sisteminin cihazları | — 2 kom. |
10. | Yağlama sisteminin cihazları | — 2 kom. |
11. | Qida sisteminin cihazları | — 2 kom. |
12. | Alışdırma sisteminin cihazları | — 2 kom. |
13. | Akkumulyatorlar batareyaları | — 2 ədəd |
14. | Generator və rele-nizamlayıcılar | — 2 kom. |
15. | Starterlər | — 2 ədəd |
16. | İşıq və səs siqnalizasiyasının cihazları | — 1 kom. |
17. | Tormoz sistemlərinin qovşaqları və cihazları | — 2 kom. |
18. | İşəsalıcı qızdırıcıların qovşaqları və cihazları | — 1 kom. |
19. | Şinlərdə təzyiqi nizamlayan sistemin cihazları | — 1 kom. |
Nümayİş stendlərİ
1. Mühərrikin iş sikli
2. Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmləri
3. Qida, soyutma, yağlama sistemləri
4. Qazbalonlu qurğulu mühərrikin qida sistemi
5. Elektrik avadanlığı
6. Sükanlı idarəetmə
7. Tormoz sistemləri
Öyrənilən avtomobillərin (avtobusların) quruluşuna aid plakatlar dəsti.
Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
kinoproyektor, diaproyektor, ekran;
avtomobil nəqliyyatı vasitələrinin quruluşuna aid kinofilmlər və daifilmlər.
II. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn İstİsmarının əsasları kabİnetİ (sİnfİ)
1. Azərbaycan Respublikasında avtomobil daşımalarını xarakterizə edən diaqramlar.
2. Avtomobil nəqliyyatı müəssisələrinin struktur sxemi.
3. Avtomobillərin parklarda və açıq dayanacaqlarda yerləşdirilməsi sxemi.
4. Avtomobillərə texniki qulluğun texnoloji prosesinin sxemi.
5. Avtomobil daşımalarının mərkəzləşdirilmiş idarə edilməsinin sxemi.
6. Avtomobil təhvil-təslim aktı, yol vərəqəsi, mal-nəqliyyat qaimələri, avtomobilin cari təmirinə sifariş, ehtiyat hissələrin və materialın alınması üçün tələbnamə, avtomobilin boş dayanma aktları, yükün çəkilməsi, yükün əskik gəlməsi (xarab olması) barədə sənədlərin tərtib olunması üzrə plakatlar dəsti.
7. Avtomobillərə texniki qulluq, avtomobil nəqliyyatında əməyin mühafizəsi və təhlükəsizliyinə aid plakatlar dəsti.
8. “Sürücülərin əmək haqlarının vahid tarif stavkası”, “Yanacaq-sürtkü materiallarının məsrəf normaları”, “Avtomobil nəqliyyatı vasitələrinin işinin texniki-istismar göstəricilərinə aid müxtəlif cədvəllər” (plakatlar).
9. Avtomobillərə (avtobuslara, qoşqulara) texniki qulluq üzrə nəzəri sualları izah edərkən əyani nümayiş etdirmək üçün tərtibatların və alətlərin nümunələri.
10. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
kinoproyektor, diaproyektor, ekran;
avtomobil nəqliyyatı vasitələrinin istismarı və texniki qulluğu üzrə kinofilmlər və daifilmlər.
III. Yol hərəkətİ qaydaları kabİnetİ (sİnfİ)
1. Yol nişanları və əlavə məlumat vasitələrinin elektrikləşdirilmiş stendi.
2. Müxtəlif yolayrıcıları və dairəsi hərəkətli meydançaların metal əsasında təsvirlərini göstərən planşetlər dəsti (müəllim üçün).
3. Yolayrıcılarında və meydançalarda avtomobillərin keçirilməsi üzrə məsələlərin həll edilməsi üçün avtomobil nəqliyyatı vasitələrinin yol nişanlarının maqnitli maketləri.
4. Yolayrıcıları və meydançaların sxemlərinin dəsti (tədris partalarının sayına uyğun, şagirdlər üçün).
5. Yolların nişanlanması və onun yollarda, körpülərdə, kəsişən yolların üstündən salınan körpülərdə və başqa yerlərdə tətbiqinə aid tədris-əyani vəsaitlər.
6. Svetoforların (bütün tiplər üzrə) elektrikləşdirilmiş modelləri.
7. Nizamlayıcının siqnallarına aid tədris-əyani vəsaitlər.
8. Tədris müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin sxemi, yaxud nizamlayıcı vasitələrin (nizamlayıcıların, svetoforların, yol nişanlarının, yolların nişanlanmasını) qoyulmasını işarə etməklə təlim marşrutları.
9. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi, manevretməsi, ötmə, dəmiryol keçidlərinin keçirilməsinə aid tədris-əyani vəsaitlər.
10. Yüklərin və sərnişinlərin daşınmasına və dəstədə hərəkətə aid tədris vəsaitləri.
11. Avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti və avadanlaşdırılması, nömrə, tanınma və xəbərdarlıq nişanları, yazılar və işarələrə aid tədris-əyani vəsaitlər.
12. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
kinoproyektor, diaproyektor, ekran;
yol hərəkəti qaydaları üzrə kinofilmlər və daifilmlər.
IV. Hərəkət təhlükəsİzlİyİnİn əsasları və İlk tİbbİ yardım kabİnetİ (sİnfİ)
1. Avtomobilin hərəkət nəzəriyyəsi və avtomobilin sürülməsinin psixofizioloji əsaslarına aid tədris-əyani vəsaitlər.
2. Avtomobilin müxtəlif yol və hidrometeoroloji şəraitlərdə sürülməsinin texniki üsullarına (fənlərə) aid tədris-əyani vəsaitlər.
3. Hərəkətin təhlükəsizliyinə təsir edən mexanizmləri və cihazları göstərməklə avtomobilin (avtobusun) sxemi.
4. Avtomobil nəqliyyatı vasitəsi sürücüsünün əməyinin gigiyenası, yol-nəqliyyat hadisələri zamanı ilk tibbi yardımın göstərilməsi, sürücünün tibb aptekçəsinin məzmununa aid tədris-əyani vəsaitlər.
5. Respublikanın şəhər və rayonlarında baş verən yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə fotomaterialları əks etdirən stend.
6. Əlavə olaraq aşağıdakıların olması tövsiyə edilir:
sürücünün psixofizioloji xassələrinin (diqqət, nəzər nöqtəsi, baxışın dəyişilmə vaxtı, uyğunlaşma vaxtı və s.) yoxlanılması və məşq etdirilməsi üçün cihazlar;
proqramlaşdırılmış təlim və biliklərin yoxlanılması üçün texniki vasitələr;
kinoproyektor, diaproyektor, ekran;
hərəkət təhlükəsizliyinin əsaslarına və ilk tibbi yardıma aid kinofilmlər və daifilmlər.
V. Avtomobİl nəqlİyyatı vasİtələrİnİn quruluşu üzrə laboratorİya
Laboratoriyada hər mövzu üzrə manqanın (briqadanın) nəzərdə tutulmuş işinin yerinə yetirilməsini təmin etmək üçün öyrənilən avtomobillərin (avtobusların, qoşquların) mexanizmləri, aqreqat hissələri və cihazları yerləşdirilir. O cümlədən:
1. | İlişmə muftası ilə birlikdə birinci kompleksli mühərriklər, yığılmış halda | — 8 ədəd |
2. | Ötürmələr qutusu | — 2 ədəd |
3. | Bölüşdürücü qutu | — 2 ədəd |
4. | Qabaq aparan körpülər | — 2 ədəd |
5. | Arxa (orta) körpülər | — 2 ədəd |
6. | Qida sisteminin cihazları | — 8 kom. |
7. | Alışdırma sisteminin cihazları | — 4 kom. |
8. | İşıqlandırma və siqnalizasiya cihazları | — 4 kom. |
9. | Generator və rele-nizamlayıcılar | — 4 kom. |
10. | Starterlər | — 4 ədəd |
11. | Kardan ötürmələri yığılmış halda | — 2 kom. |
12. | Amortizatorlar | — 4 ədəd |
13. | Hidravlikləndirici sükanlı idarəedicilər, sükan mexanizmi | — 4 kom. |
14. | Hidravlik və pnevmatik intiqallı tormoz sistemləri | — 4 kom. |
15. | Sökmə-yığma işlərini aparmaq üçün alətlər, tərtibatlar və çıxarıcılar | — 8 kom. |
16. | İşçi stolları (çilingər dəzgahları) | — 8 ədəd |
17. | Tədris sənədləri |
|
18. | Tibbi aptekçə |
|
19. | Yanğın əleyhinə vasitələr |
|
VI. Avtomobİl nəqlİyyatı vasİtələrİnə texnİkİ qulluq üzrə laboratorİya
1. | Öyrənilən komplektləşdirilmiş əsas avtomobillər (avtobuslar, qoşqular) | — 8 ədəd |
2. | İsti nizamlanma aparmaq üçün öyrənilən əsas mühərriklər (altlıqlar üzərində) | — 8 ədəd |
3. | Nizamlanma rəqəmlərini, texniki qulluqların növləri üzrə yerinə yetirilən işlərin siyahısını göstərən cədvəllərin şitləri | — 2 ədəd |
4. | Öyrənilən avtomobillərin (avtobusların, qoşquların) yağlama xəritələri | — 4 ədəd |
5. | Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün istismar materialları dəsti |
|
6. | Texniki qulluq üzrə işlərin yerinə yetirilməsi üçün açarlar, tərtibatlar və cihazlar dəsti. O cümlədən: |
|
| avtomobilin elektrik avadanlığının texniki qulluğu və təmiri üçün alətlər dəsti karbüratorçunun alətlər dəsti | — 4 kom. |
| karbüratorçunun alətlər dəsti | — 4 kom. |
| dinamometrik dəstək | — 4 ədəd |
| sükan idarəsinin yoxlanılması üçün cihazlar | — 4 kom. |
| təkərlərin çəpliyinin (razval) ölçülməsi üçün xətkeş | — 2 ədəd |
| vulkanizasiya üçün əl məngənəsi | — 2 ədəd |
| 300 mm-lik metal xətkeşlər | — 4 ədəd |
| avtostetoskop | — 4 ədəd |
| alışdırma şamlarının yoxlanması və təmizlənməsi üçün məmulatlar dəsti | — 2 ədəd |
| pnevmatik intiqallı tormozların yığılması üçün cihazlar | — 2 ədəd |
| yük avtomobillərinin şinlərinin quraşdırılması üçün stendlər | — 2 ədəd |
| sürücünün alətlər dəsti | — 8 kom. |
7. | İşçi stolları (çilingər dəzgahları) | — 8 ədəd |
8. | Tədris sənədləri |
|
9. | Tibbi aptekçə |
|
10. | Yanğın əleyhinə vasitələr |
|
VII. Avtotrenajorlar kabİnetİ (sİnfİ)
1. | Öyrənilən marka avtomobillərin trenajorları | — 8 ədəd |
2. | Komandanın verilməsi və müdavimlərin hərəkətinə nəzarət pultu | — 1 ədəd |
3. | Kinoproyektor (diaproyektor) ekranla birlikdə | — 1 ədəd |
VIII. Təlİm avtodromu (sürmə təlİmİ üçün meydança)
Təlim avtodromu avtomobil nəqliyyatı vasitələrinin sürülməsi üzrə tədris proqramının tələbinə uyğun avadanlıqlaşdırılır.
Təlim avtodromunun əsas elementləri:
sürmə təliminin ilkin tapşırıqlarının yerinə yetirilməsi üçün meydança və dairəvi marşrut;
qabarit tunelləri, darvazalar, səggizvari, ziqzaqvari keçidlər;
dəmiryol platformaları və keçidləri;
estakadalar;
təpə və yamaclar;
yol nişanları, svetoforlar, hərəkət hissəsinin nişanlanması, istiqamətlər (oriyentir).
| Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1.1. Bu Əsasnamə nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən nəzəri və təcrübi imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi, onların uçotunun aparılması üzrə vahid qaydaları müəyyən edir.
1.2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu* ilə müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
1.3. "Nəqliyyat vasitələrinin tipindən, təyinatından və idarəetmə xüsusiyyətlərindən asılı olaraq, sürücülük vəsiqələrində aşağıdakı kateqoriyalar (altkateqoriyalar) göstərilir:
1) "Al" - mühərrikinin işçi həcmi 125 kubsm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün;
2) "A" - bütün növ motosikletləri idarə etmək üçün;
2-1) “B1” – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisiklləri idarə etmək üçün;
3) "B" - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün:
"A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri;
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan "B" kateqoriyasından olan avtomobilləri;
3-1) “C1” - “D” kateqoriyasına və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, lakin 7.500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4) "C" - "D" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
4-1) “D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
5) "D" - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6) "BE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan "B" kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan "B" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
6-1) “C1E” - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7) "CE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "C" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
7-1) “D1E” - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
8) "DE" - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan "D" kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
9) "Tramvay" - tramvayları idarə etmək üçün;
10) "Trolleybus" - trolleybusları idarə etmək üçün;
1.4. (çıxarılıb)
1.5. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən, “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
8) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə).
1.6. Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməlidir.
Əvvəlcə nəzəri, sonra isə təcrübi imtahanlar aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar. Nəzəri və təcrübi imtahanların qəbulu bu Əsasnaməyə 3 və 4 nömrəli əlavələrə uyğun aparılır.
1.6-1. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
1.7. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.
Qeyd: Peşə təhsil müəssisələrini bitirmiş tələbələr, eləcə də “A”, “B”, “C” kateqoriyalı və “A1”, “B1” və “C1” altkateqoriyalı nəqliyyat vasitələri sürücülərini hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən cəlb olunmuş çağırışçılar, kursları bitirdikdən və müvafiq şəhadətnamələr aldıqdan sonra qeydiyyat-imtahan məntəqələrində imtahanlara buraxılırlar. İmtahanları müvəffəqiyyətlə verən 18 yaşı çatmamış şəxslərə sürücülük vəsiqəsi verilir və “xüsusi qeydlər” qrafasında “18 yaşı tamam olduqdan sonra avtomobilləri idarə edə bilər” qeydi aparılır.
Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidməti müddətli hərbi xidmət aparan hərbçiləri “CE”, “D”, “DE” kateqoriyalı və “D1E” altkateqoriyalı sürücülük vəsiqəsi almaq üçün müstəsna olaraq, 10 ay sürücülük təcrübəsi olduqda və 19 yaşa çatdıqda imtahanlara buraxılırlar.
2. DYP-də İmtahanlara və nəqlİyyat vasİtələrİnİn İdarə edİlməsİnə buraxılma qaydaları
2.1. İmtahanların qəbulu və "A", "B", "C", "D", "BE", "CE", "DE" kateqoriyalarına və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin, tramvay və trolleybusun idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi Dövlət Yol Polisinin qeydiyyat-imtahan məntəqəsi tərəfindən aparılır.
Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi Kənd Təsərrüfatı Nazirliyinin Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi ilə razılaşdırılmış təlimatı əsasında həyata keçirilir.
2.2. “C”, “D”, “BE”, “CE”, “DE” kateqoriyalarına və “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrindən birinin, “tramvay” və “trolleybusun” idarə edilməsi məqsədi ilə sürücülük vəsiqəsi almaq üçün fiziki şəxslər, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış vahid tədris planları və proqramları əsasında tədris müəssisələrində hazırlıq kursları keçməlidirlər.
2.3. Avtonəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələri Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçota alır.
2.4. Tədris təşkilatlarında məşğələlərin başlanmasından keçən 15 gün ərzində, hər bir tədris qrupu qeydiyyata alınmalıdır. Qeydiyyat—imtahan məntəqəsinə daxil olan hər bir tədris qrupunun siyahısı qeydiyyata alındıqdan sonra 7 gün müddətində DYPİ-nə göndərilməlidir.
2.5. Bu kurslara qəbul üçün namizədlər müəyyən edilmiş qaydada tibbi müayinədən keçməlidirlər.
2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində bu Əsasnamənin 1.5-ci bəndinin 6-8-ci yarımbəndlərində nəzərdə tutulmuş təcrübəsi olan, yaxud son iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər, avtobusları, tramvayları və trolleybusları idarə etməyə və həmin kateqoriyalar (altkateqoriyalar) üzrə imtahanlara buraxılmırlar.
2.7. Sürücülük vəsiqələrinin alınması üçün imtahan, yalnız QİM tərəfindən, onların xidmət apardıqları ərazilərdə qəbul olunur.
Qeyd: Ekstremal hallarda (təbii fəlakət, yanğın, ərazinin işğalı) müvəqqəti məskunlaşdığı ərazilər üzrə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, DİN-nin və Dövlət Sərhəd Xidmətinin müddətli xidmət aparan hərbçiləri isə sürücülük vəsiqələri almaq üçün hərbi hissələrin yerləşdikləri ərazi üzrə yerləşən QİM-də imtahana buraxılırlar.
2.8 "A", "B", "C", "D", "BE", "CE", "DE" kateqoriyalarına və “A1”, “B1”, “C1”, “D1”, “C1E”, “D1E” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələri, QİM-də nəzəri və təcrübi, tramvay və trolleybusların idarə edilməsi üçün isə nəzəri imtahanları (təcrübi imtahanlar tramvay və trolleybus parklarında götürülür) müvəffəqiyyətlə verən şəxslərə verilir.
2.9. Tədris plan və proqramlarında avtomobil ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta xüsusi tədris müəssisələrini bitirmiş şəxslərə, “A”, “B”, “C” kateqoriyalarına, “A1”, “B1”, “C1” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün, istənilən kateqoriya (altkateqoriya) üzrə nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra sürücülük vəsiqələri verilir.
Avtomobil ixtisası üzrə fənnin tədrisi haqqında təsdiqedici sənəd kimi:
orta xüsusi təhsili olanlar üçün diplom və imtahan cədvəlindən çıxarış;
ali təhsili olanlar üçün diplom və ona əlavə qəbul edilir.
2.10. İmtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahanlara buraxılırlar. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.9-1-ci bəndində nəzərdə tutulmuş qaydada müraciət etdikdən sonra 3 (üç) gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
2.11. BE" kateqoriyası "B" kateqoriyasına, “C1E” altkateqoriyası “C” kateqoriyasına, o cümlədən “C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə edilməsinə müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər müvafiq hazırlıq kurslarını bitirdikdən sonra və QİM-də nəzəri və təcrübi imtahanlar verdikdən sonra buraxılırlar.
“D” kateqoriyalı nəqliyyat vasitələrinin, tramvayların və trolleybusların və “D1” altkateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə, “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan və bu avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan (2.6 bəndinin tələblərində nəzərdə tutulan şərtlər daxilində) və müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçərək, nəzəri və təcrübi imtahanlar vermiş sürücülər buraxılırlar.
“B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə hüququ olan sürücülər, tədris müəssisəsində müəyyən edilmiş proqramla hazırlıq keçdikdən, nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra “CD”, “BE” kateqoriyalı və ya “C1”, “D1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malik olurlar.
“C” ya da “D” kateqoriyalarına, yaxud “C1” və ya “D1” altkateqoriyalarına aid nəqliyyat vasitələrini idarə etmə hüququ olan sürücülər "B" və ya "A" kateqoriyalı, “B1” və ya “A1” altkateqoriyalı nəqliyyat vasitələrini idarə etmə hüququ almaq üçün əlavə olaraq kurs keçmədən nəzəri və təcrübi imtahanlara buraxılırlar.
“D” və “DE” kateqoriyaları, “D1” və ya “D1E” altkateqoriyaları üzrə təcrübi imtahan, tədris müəssisələri tərəfindən ayrılmış avtobuslar və qoşqulu nəqliyyat vasitələrində qəbul edilir.
2.12. Nəzəri və təcrübi imtahan qəbul edilən şəxsin sağlamlığı aşkar əlamətlərlə şübhə doğurursa, imtahanları qəbul edən DYP vəzifəli şəxsi tərəfindən o təkrar tibbi müayinəyə göndərilir.
2.13. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün
3. Sürücülük vəsİqəsİ, İmtahanların qəbulu, sürücülük vəsİqələrİnİn verİLməsİ və dəyİşdİrİlməsİ
3.1. Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün.
3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
60 yaşına çatmamış şəxslər üçün — 10 il;
60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
3.4. Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur.
3.5. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumalıdır.
3.6. Bütün kateqoriyalara (altkateqoriyalara) aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün nəzəri və təcrübi imtahanlar, QİM-nin imtahan komissiyaları tərəfindən qəbul edilir.
3.7. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
Sədr — qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
Üzvlər — tədris avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
3.8. İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
avtomobil ixtisası üzrə ali və ya orta ixtisas texniki təhsili;
imtahan qəbul olunan kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
3.9. Sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları QİM məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.
3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
3.9-2. Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur.
3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.
3.9-4. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.
3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);
3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd.
3.11. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmırlar.
3.12. İki dəfə nəzəri və ya təcrübi imtahandan qeyri-məqbul qiymət almış, imtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahana buraxılırlar.
3.13. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi, imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Əsasnamənin 1 və 2 nömrəli əlavələrinə uyğun formada protokolla sənədləşdirilir.
3.14. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.
3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən 30 dəqiqə ərzində verilir.
3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
3.15-1.1. etibarlılıq müddətinin qurtarması;
3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
3.15-1.4. yararsız hala düşməsi;
3.15-1.5. itirilməsi;
3.15-1.6. (çıxarılıb)
3.15-1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
3.15-1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Əsasnamənin 3.15-3-cü bəndində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi;
3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.15-3.4. bu Əsasnamənin 3.3-cü bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış;
3.15-3.5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti.
3.15-4. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
3.15-5. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-6. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
3.16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar bu Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsdiq etdiyi müvafiq təlimatlarla tənzimlənir.
| Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəlİ əlavə
|
Nəzəri imtahanın keçirilmə
Metodikası
1. İmtahanın keçİrİlmə formaları
1.1. Yol hərəkəti qaydaları üzrə nəzəri imtahan informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qəbul edilir.
1.2. İmtahan prosesinin interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında quraşdırılan videokameralar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır.
2. İmtahanın məzmunu
2.1. Nəzəri imtahan aparılarkən sürücülüyə namizədin biliyi və fənni necə başa düşməsi müəyyən edilir:
qanunçuluğu, o cümlədən xüsusi diqqət yetirməklə nəqliyyat vasitələrindən istifadə edilməsi barədə əsasnaməni və yol hərəkət qaydalarının pozulmasına görə inzibati məsuliyyəti;
yol hərəkətinə, yol nişanlarına və siqnallarına, yolların nişanlanmasına və nişanların mənalarına aid qayda və tələbləri;
hərəkət vaxtı nəqliyyat vasitələrinin təhlükəsizliyinə aid texniki tələbləri;
iş gününün uzunluğu və istirahət vaxtları da daxil olmaqla yol hərəkətinin təhlükəsizliyinə dair bilavasitə sürücüyə aid olan qaydaları;
yol-nəqliyyat hadisələri baş verdikdə sürücülərin düzgün davranışına aid qaydaları;
yol-nəqliyyat hadisəsini törətdikdə sürücünün mülki və cinayət məsuliyyəti;
yol-nəqliyyat hadisələrinin baş verməsinə imkan yaradan amilləri;
yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat vasitələrinin elementlərini;
yol-nəqliyyat hadisələri nəticəsində zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını;
nəqliyyat vasitələrindən ətraf mühitə yayılan zərərli maddələrin normadan artıq olmasına imkan verməyən nəzarət-nizamlama işləri və idarəetmə üsullarını.
2.2. İmtahan sualları, nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq arzusunda olan şəxslərdən, yol hərəkəti qaydaları haqqında imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuşdur.
İmtahan sualları yol-hərəkət qaydalarının bütün fəsillərini, hərəkətin təhlükəsizliyi tələblərini və tibbi hazırlığı əhatə edir.
Hər bir namizədə 10 sual verilir. Öz növbəsində hər bir sualın 2-dən 5-dək cavabı vardır ki, onlardan yalnız biri düzgündür.
2.3. Yol hərəkəti qaydalarına, digər sənədlərə əlavələr və dəyişikliklər edilərsə və yaxud suallar cavablara uyğun gəlmədikdə, belə suallar imtahan üçün yararsız sayılır.
İmtahanlar, yalnız qüvvədə olan normativ sənədlərə tam cavab verən qaydada hazırlanmış suallara əsasən aparılır.
2.4. İmtahanların nəticələri bu metodikaya əlavədə göstərilən formada xüsusi imtahan vərəqəsində qeyd olunur.
3. Nəzərİ İmtahanın keçİrİlməsİ
3.1. Otağın sahəsindən və orada olan avadanlıqdan, eləcə də imtahan verənlərin davranışına nəzarət etməyin mümkünlüyü ilə əlaqədar olaraq, imtahan eyni zamanda bir neçə şəxsdən qəbul edilir.
İmtahan verənin şəxsiyyəti onun şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən digər sənədi əsasında müəyyənləşdirilir.
3.2. İmtahan vaxtı 15 dəqiqə müəyyənləşdirilir.
İmtahan verən hər bir sualı diqqətlə oxumalı və təklif edilmiş variantlardan ən tam və düzgün bir cavab seçməlidir.
Bütün dərəcələrdən olan avtonəqliyyat vasitələrinin, eləcə də tramvay və trolleybus sürücülərinə cavab üçün 10 sual təklif edilir.
3.3. (çıxarılıb)
İmtahanların nəticələri informasiya-kommunikasiya texnologiyaları vasitəsilə müəyyən edilir.
İmtahan verən şəxsə məqbul qiymət o halda verilir ki, ona təklif olunmuş 10 sualdan 9-na düzgün cavab vermiş olsun.
Təklif edilmiş suallara 15 dəqiqə ərzində cavab verə bilməyən və yaxud 2 səhv edən şəxs imtahanı verməmiş hesab edilir.
3.4. İmtahan keçirilməzdən əvvəl QİM-in əməkdaşı imtahan verilmə qaydaları və bu işlə əlaqədar imtahan verən şəxsə izahat verməlidir.
Nəzəri imtahan
keçirilməsinə metodikasına
ƏLAVƏ
Yol hərəkəti qaydalarına aid imtahan
VƏRƏQƏSİ
Sürmə təliminin imtahan cədvəli | Al | A | B | C | D | BE | CE | DE | Troll. | Tramv. | YHQ-dan imtahan cədvəli |
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- | Soyadı_______________________________________________ Adı _________________________________________________ Atasınınadı __________________________________________ Doğulduğu vaxt və yer________________________________ _____________________________________________________ _____________________________________________________ Yaşadığı yer __________________________________________ _____________________________________________________ Həkim müayinəsindən keçmişdir _______________________ _____________________________________________________ _____________________________________________________
İmatahan verənin imzası | ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- | |||||||||
İmatahanın səbəbi (lazım olanın Altından xət çəkin) İlk sürücülük vəsiqəsinin alınması , Sürücülük hüququndan mərhum etmə müddətinin bitməsi
Dövlət aftomobil müfətdişi__________________________ |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin |
Təcrübi imtahanın keçirilmə Metodikası*
1. Nəqlİyyat vasİtəsİ və onun avadanlığı
1.1. Sürücülüyə namizəddən təcrübi imtahan uyğun dərəcəli nəqliyyat vasitəsində qəbul edilir:
1.1.1. "B" - minik avtomobillərində;
1.1.1-1. “B1” – “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 25-3-cü bəndində nəzərdə tutulmuş kvadrisikllərdə;
1.1.2. "BE" - qoşqulu minik avtomobillərində;
1.1.3. "C", “C1” - yük avtomobillərində;
1.1.4. "CE", “C1E” - qoşqulu yük avtomobillərində;
1.1.5. "D", “D1” - avtobuslarda;
1.1.6. "DE", “D1E” - qoşqulu avtobuslarda.
1.2. Təcrübi imtahan qəbulu üçün nəzərdə tutulmuş avtomobillər əlavə ilişmə (avtomatik transmissiyalı nəqliyyat vasitələrindən başqa) və tormoz ayaq altlıqları ilə, eləcə də sağ arxanı göstərən güzgü ilə təchiz edilməlidir.
1.3. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə edilməlidir.
2. Avtomobİldə İmtahan qəbul edİlməsİnİn təşkİlİ
2.1. Nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan ikimərhələli prinsiplə - birinci mərhələ xüsusi bağlı meydançada və ya avtodromda, ikinci mərhələ isə sınaq marşrutlarında qəbul edilir:
2.1.1. avtodrom və ya bağlı meydançanın ərazisinin örtüyü möhkəm olmalı, onlar nəqliyyat vasitələrinin hərəkətlərindən ayrılmalı və imtahan qəbul edilməsi üçün müvafiq vasitələrlə təchiz edilməlidir.
İmtahanın birinci mərhələsində təcrid edilmiş ərazidə sürücülüyə namizədin sürmə təlimi elementlərinin yerinə yetirilməsi bacarığı və vərdişi yoxlanılır;
2.1.2. “B”, “C”, “D”, “B1”, “C1”, “D1” təcrübi nəqliyyat vasitələrində, birinci mərhələdə imtahan üçün istifadə edilən ərazinin mütləq aşağıda göstərilən quruluşları olmalıdır:
2.1.2.1. yoxuş sahəsi (maillik 16%-dən aşağı olmayaraq);
2.1.2.2. hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi;
2.1.2.3. avtomobilin geriyə dayanacaq yerinə verilməsi üçün qutu (boks).
Avtodromun, yaxud bağlı meydançanın ölçüləri və onlardakı element quruluşları, imtahan qəbul edilməsi üçün nəzərdə tutulmuş avtomobillərin ölçülərindən asılı olaraq müəyyən edilir;
2.1.3. daimi avtodrom, yaxud da bağlı meydança olmadıqda, başqa ərazidən də istifadə edilə bilər. Bu halda onların element quruluşları daşına bilən vasitələrin köməyi ilə tərtib olunmalıdır:
2.1.3.1. minik avtomobilləri üçün “hərəkət hissəsinin geriyə dönmək üçün eni məhdudlaşdırılmış sahəsi”nin və “avtomobillərin geriyə dayanacaq yerinə verilməsi üçün boks”un elementləri, 1,2 m hündürlüyündə, davamlı özülü olan, yuxarılarında bayraqlar asılmış və boz-yaşıl rəngli dayaqlarla təchiz edilir.
Yük avtomobilləri üçün isə belə elementlər, aralarında tarıma çəkilmiş tros və onlara rəngli bayraqlar bağlanmış dayaqlarla təchiz edilir.
Tarıma çəkilmiş trosun hündürlüyü, avtomobilin yük platformasının hündürlüyünə uyğun gəlməlidir;
2.1.3.2. bütün tipli avtomobillər üçün nəzərdə tutulmuş “Yoxuşlu sahə” elementi, kifayət qədər davamlığı olan və onun üzərindən keçərkən hərəkətin təhlükəsizliyini təmin edən estakada kimi də düzəldilə bilər;
2.1.4. vaxt itkisinə yol verməmək məqsədi ilə bağlı meydançalarda elementlərin yerləşdirilməsi onlarda eyni zamanda iki və daha çox avtomobildə imtahanların qəbulu mümkün olduqda məqsədəuyğun hesab edilir. Hərəkət yol nişanlarının və nişanlanma xətlərinin köməyi ilə təşkil olunur.
Sürücülüyə namizədi əvvəlcədən tanış etmək üçün sınaq elementləri göstərilməklə bağlı meydançanın və ya avtodromun hərəkət sxemi tədris müəssisələrində yaxşı görünən yerdə asılmalıdır.
2.2. Sınaq marşrutunda hərəkətin sıx olduğu şəraitdə:
2.2.1. aşağıda göstərilən şəraitlərdə sürücülüyə namizədin bilik və vərdişlərinin sınaq marşrutunda mütləq yoxlanılması aparılmalıdır:
2.2.1.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4 nömrəli əlavəsində verilən üstünlük nişanlarından 2.4 “Yol verin”, yaxud 2.5 “Dayanmadan keçmək qadağandır” nişanında yol ayrıcından keçmək;
2.2.1.2. xəbərdaredici, istiqamətverici və sürücüyə məlumat verən digər nişanları olan yol sahəsindən keçmək;
2.2.1.3. svetoforla nizamlanan, yaxud nizamlanmayan yol ayrıcından keçmək;
2.2.1.4. iki dəfə sola dönmənin, yaxud da bir dəfə geriyə dönmənin yerinə yetirilməsi;
2.2.1.5. iki dəfə sağa dönmənin yerinə yetirilməsi;
2.2.1.6. bir istiqamətdə hərəkət üçün iki və daha çox zolağı olan yolla hərəkət.
2.2.2. QİM-i üçün sınaq marşrutlarının sayı, xidmət edilən əhalinin sayı, küçə yol şəbəkəsinin vəziyyəti və uzunluğundan asılı olaraq müəyyən edilir.
Marşrutların sayının əhalinin sayı 500000 və daha çox olan şəhərlərdən 5-dən 10-a qədər, digər yaşayış məntəqələrində isə 3-dən 5-ə qədər olması məsləhət görülür.
Qeyd: BE", "CE", "DE" kateqoriyalı və “C1E”, “D1E” altkateqoriyalı nəqliyyat vasitəsində sürmə üzrə birinci mərhələdə təcrübi imtahanın qəbul edilməsi üçün ərazi müvafiq mürəkkəb elementlərlə ölçüsündən asılı olaraq təchiz edilir.
2.2.3. Hər bir imtahan verən üçün marşrutun uzunluğunun, 2.2.1.1—2.2.1.6 bəndlərində göstərilmiş elementlər də daxil olmaqla, 1,5-dən 4 km-ə qədər olması məsləhət görülür.
2.2.4. Sınaq marşrutu, marşrut xəritəsi (marşrut sxemi) 200´300 mm formatda tərtib edilir. Hər bir marşruta sıra nömrəsi verilir.
İmtahan verənləri vaxtlı-vaxtında dəyişmək və vaxta qənaət etmək məqsədi ilə hər bir marşrutda imtahanın bir yerdən başlayaraq həmin yerdə də qurtarması məqsədəuyğun sayılır (məsələn, imtahan məntəqəsində).
Əgər marşrutlar bir-birinin ardınca seçilibsə, onda birincinin başlanğıcı və axırıncının qurtaracağı eyni yer olmalıdır.
Vaxtaşırı dəyişilməsi üçün sınaq marşrutlarının ehtiyat variantlarının olması məqsədəuyğun hesab edilir.
2.2.5. İmtahanın ikinci mərhələsi başlanmazdan əvvəl imtahan qəbul edən DYP əməkdaşı növbəlik üsulu ilə sürücülüyə namizədi imtahan qəbul ediləcək müvafiq sınaq marşrut xəritəsi ilə tanış edir.
2.3. Sürücülüyə namizədin müraciət etdiyi sürücülük kateqoriyasına (altkateqoriyasına) aid nəqliyyat vasitəsini idarə etmək bacarığının müəyyən edilməsi üçün imtahanın müddəti kifayət qədər olmalıdır.
2.4. İmtahanın birinci mərhələsində elementlərin yerinə yetirilməsinə nəzarət informasiya-kommunikasiya texnologiyaları vasitələrinin köməyi ilə həyata keçirilir.
3. İmtahanın məzmunu
Sürücülüyə namizədin hazırlığını müəyyən etmək üçün, onlar tərəfindən aşağıdakı elementlərin yerinə yetirilməsi nəzərə alınır:
3.1. Avtodromda:
3.1.1. yoxuşda yerindən tərpənmə — avtomobili yoxuşda saxlamalı, sonra hərəkəti davam etdirməli (bu halda avtomobil yerindən səlis tərpənməli, mühərrik sönməməli və avtomobil 20 sm-dən çox arxaya getməməlidir);
3.1.2. hərəkət hissəsinin eni məhdudlaşdırılmış yerdə geriyə dönmə (ölçüləri məhdudlaşdırılmış yol sahəsində sürətlər qutusunun arxa ötürücüsünü isə salmaqla birdəfədən geri gönmə).
Geriyə verilərkən avtomobil elə dayanmalıdır ki, onun xarici konturu işarə edilmiş boksun daxilində olsun.
Bu element yerinə yetirilərkən boksdan olan minimal məsafə imtahan—avtomobilinin dönmə radiusunun xarici qabaritindən 1,5 dəfə az olmalıdır.
3.2. Sınaq marşrutunda:
3.2.1. hərəkətin başlanılması:
3.2.1.1. hərəkətin başlanılmasına hazırlıq, digər hərəkət iştirakçılarına münasibətdə diqqətli olmaq;
3.2.1.2. xəbərdaredici siqnalların yandırılması və vaxtında verilməsi;
3.2.1.3. arxaya baxış güzgüsündən istifadə edilməsi;
3.2.1.4. nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.2.1.5. sürət artırılması və ötürücüyə keçirmə;
3.2.1.6. düzünə hərəkət;
3.2.1.7. yolun hərəkət hissəsində düzgün yerləşmə;
3.2.2. lazımi hərəkət sürətinə riayət olunması:
3.2.2.1. nəqliyyat vasitələrinin arasında ara və yan məsafələrin seçilməsi;
3.2.3. bir istiqamətdə iki və daha çox hərəkət zolağı olan yolda manevr etmə:
3.2.3.1. xəbərdaredici siqnalların vaxtında verilməsi;
3.2.3.2. dayanmış nəqliyyat vasitələrinin, o cümlədən ümumi istifadədə olan nəqliyyatın və digər maneələrin yanından düzgün ötmə;
3.2.3.3. bir zolaqdan digərinə yerdəyişmənin düzgün icra edilməsi;
3.2.3.4. hərəkət iştirakçılarında siqnallara qarşı lazımi reaksiya;
3.2.4. nizamlanan yol ayrıcından keçilməsi:
3.2.4.1. yol ayrıcısına yaxınlaşarkən yol şəraitinə qiymət verilməsi. Lazım gəldikdə xəbərdaredici siqnalların verilməsi;
3.2.4.2. nəqliyyat vasitəsinin yol ayrıcının qarşısında düzgün dayandırılması;
3.2.4.3. dayandıqdan sonra nəqliyyat vasitəsinin yerindən mükəmməl tərpədilməsi;
3.2.4.4. svetoforun siqnallarına və ya yol polisi əməkdaşının işarələrinə əməl olunması;
3.2.5. nizamlanmayan yol ayırıcısını keçmək:
3.2.5.1. yol ayırıcısına yaxınlaşarkən, yol nişanlanma xətlərinin tələbləri, digər hərəkət iştirakçılarının işarələrini nəzərə almaqla qiymət verilməsi;
3.2.5.2. hərəkətə üstünlük verilən hallarda onlara əməl edilməsi;
3.2.5.3. yol ayrıcısına yaxınlaşdıqda hərəkət sürəti və piyada keçidin keçilməsi;
3.2.6. dönmənin (geriyə dönmənin) icrası:
3.2.6.1. döngəyə düzgün daxil olunması;
3.2.6.2. mükəmməllik, sürət və hərəkət trayektoriyası nəzərə alınmaqla döngədən çıxma.
3.2.7. ötmə:
3.2.7.1. ötmədən əvvəl yol nişanlarının, nişanlanma xətlərinin tələblərini və hərəkətin digər iştirakçılarının davranışlarını nəzərə alaraq, yol şəraitinin qiymətlərdirilməsi;
3.2.7.2. xəbərdarlıq siqnallarının vaxtında verilməsi;
3.2.7.3. konkret şəraitdən asılı olaraq ötmə vaxtı sürət rejimi;
3.2.7.4. hərəkətin təhlükəsizliyini təmin etmək şərti ilə ötmə əməliyyatının başlanğıcı və qurtarması trayektoriyası;
3.2.8. dayanma:
3.2.8.1. xəbərdarlıq siqnalının vaxtında verilməsi və düzgün yerdəyişmə;
3.2.8.2. hərəkət sürətinin mükəmməl olaraq azaldılması;
3.2.8.3. yolun hərəkət hissəsində (kənarında) dayanarkən nəqliyyat vasitəsinin düzgün yerləşdirilməsi.
4. Sürücülüyə namİzədİn hazırlığının qİymətləndİrİlməsİ
4.1. İmtahanın yekunu üzrə imtahan qəbul edən, yol verilmiş səhvlər və qiymət barədə sürücülüyə namizədə məlumat verməlidir.
4.2. Sürücülüyə namizəd imtahan elementlərinin hər hansı birinin icrasından imtina edərsə və yaxud da qəza şəraiti yaratmaqla imtahan qəbul edəni imtahanın gedişinə qarışmağa vadar edərsə, o, “qeyri-məqbul” qiyməti alır.
5. Motosİkletdə İmtahan qəbul etmənİn təşkİlİ və tələblərİ
5.1. Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə, motorollerdə, trisikllərdə və yüngül kvadrisikllərdə yoxlanılır.
5.2. Sürmə vərdişinin yoxlanılması xüsusi meydançada aparılır.
5.3. Sürücülüyə namizəd aşağıda göstərilən manevrləri yerinə yetirməyə bacarmalıdır:
5.3.1. düzünə hərəkət etməklə sürətlər qutusunu aşağıdan yuxarı və yuxarıdan aşağı ötürməyə keçirmək;
5.3.2. ayaqları ayaq altlığından götürməməklə ən aşağı sürətlə idarə etmək;
5.3.3. kiçik radiuslu döngənin və geri dönmənin icrası (“qabarit dairə”, “ilanvari”, “səkkizvari”).
5.4. Əgər imtahan verən şəxs “dairə”, yaxud “ilanvari”, yaxud da “səkkizvari” hərəkəti yerinə yetirə bilmirsə, imtahan dayandırılır.
5.5. “Qeyri-məqbul” qiymət üçün iki səhv və aşağıdakıların olması kifayətdir:
5.5.1. “Dairə” və ya “İlanvari” və yaxud “Səkkizvari” hərəkəti yerinə yetirərkən yol örtüyünə toxunması;
5.5.2. dayanarkən və mühərrik işləyərkən ötürməni ayıra bilməmək.