Sual-cavab

Ən Çox Verilən Suallar

Sual:İtmiş qeydiyyat nişanlarının əvəzinə yenisinin alınması barədə
Cavab:Nəqliyyat vasitəsinin itmiş qeydiyyat nişanlarının əvəzinə yenisini almaq üçün DİN BDYPİ-nin Avtonəqliyyat Vasitələrinin Axtarışı Şöbəsindən arayış, nəqliyyat vasitəsini və onun sahibinin şəxsiyyət vəsiqəsini təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Şöbəsinə müraciət etmək lazımdır.

Sual:İtmiş qeydiyyat şəhadətnaməsinin əvəzinə yenisinin alınması barədə
Cavab:Nəqliyyat vasitəsinin itmiş qeydiyyat şəhadətnaməsinin əvəzinə yenisini almaq üçün ərazi üzrə DYP Şöbəsindən arayış, nəqliyyat vasitəsini və onun sahibinin şəxsiyyət vəsiqəsini təqdim etməklə ərazi üzrə Qeydiyyat İmtahan Şöbəsinə müraciət etmək lazımdır.

Sual:Sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtardıqda onun yeni sürücülük vəsiqəsinə dəyişdirməlisi barədə
Cavab:Sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtardıqda onun yeni sürücülük vəsiqəsinə dəyişdirməlisi üçün təsdiq olunmuş formada ərizə, müvafiq kateqoriyalı nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılıq barədə tibbi arayış və şəxsiyyəti təsdiq edən sənəd ərazi üzrə DYP-nin qeydiyyat-imtahan bölməsinə təqdim edilməlidir.

Sual:"C" kateqoriyalı sürücülük vəsiqəsi ilə minik avtomobillərini idarə etmək olarmı?
Cavab:
"C" kateqoriyalı sürücülük vəsiqəsi icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan yük avtomobilləri idarə etmək hüququ verdiyindən bu vəsiqə ilə "B" kateqoriyasına aid edilən minik avtomobillərini idarə etməyə icazə verilmir.


Sual:Sürücülük hüququnun məhdudlaşdırılma müddəti başa çatdıqdan sonra sürücülük vəsiqəsinin alınması barədə
Cavab:Sürücülük hüququnuzun məhdudlaşdırılma müddəti başa çatdıqdan sonra Siz tibbi müayinədən keçərək arayışı və şəxsiyyət vəsiqənizi ərazi üzrə DYP-nin qeydiyyat imtahan bölməsinə təqdim etməlisiniz. Sürücülük vəsiqəniz Sizə yol hərəkəti qaydalarından nəzəri və təcrübi imtahanları müvəffəqiyyətlə verdikdən sonra qaytarılacaqdır.

Sual:Təhlükəsizlik kəmərləri barədə
Cavab:"Yol hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təhciz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməlidir. ƿks halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən sürücü şərti maliyyə vahidi məbləğinin 3-8 misli miqdarında (16.50- 44.00 manat) , sərnişinlər isə şərti maliyyə vahidi məbləğinin 3-5 misli miqdarında (16.50- 27.50manat) cərimə olunurlar.

Sual:Sığorta barədə
Cavab:Azərbaycan Respublikasıında nəqliyyat vasitəsi sahiblərinin mülki məsiliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələri sahiblərinin mülki məsiliyyətinin sığortası məcburidir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 157-ci maddəsinə əsasən nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə şərti maliyyə vahidi məbləğinin 5 misli miqdarında (27.50 manat) cərimə edilir.

Sual:Sürücülük vəsiqəsi itirildikdə yenisinin alınması barədə
Cavab:Sürücülük vəsiqəsini itirdikdə, vəsiqə sahibinin yazılı ərizəsində qeydiyyatda olduğu rayon (şəhər) DYP xidmətlərinin müvafiq qeydləri, tibbi arayış və AR inzibati xətalar məcəlləsinin 154.4 maddəsinə əsasən tərtib edilmiş inzibati protokol əsasında verilir. Zəruri hallarda isə tədris müəssisəsini qurtarması haqqında şəhadətnamə və ya itirilən sürücülük vəsiqəsini vermiş QİB-in təsdiqedici sənədi təqdim edilməsi tələb oluna bilər. İtmiş sürücülük vəsiqəsinin əvəzinə, yenisi 3 ay müddətinə verilir. Bu müddət ərzində həmin sürücülük vəsiqəsi tapılmazsa və ya onun sahibi barədə əlavə məlumat daxil olmazsa, bu müddət bitdikdən sonra yeni sürücülük vəsiqəsi verilir.

Sual:Sürücülük vəsiqəsi almaq barədə
Cavab:Yol hərəkəti Haqqında Qanunun 33-cü maddəsinə əsasən aşağıda göstərilən yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi olan və xüsusi imtahan verərək sürücülük vəsiqəsi almış hər bir fiziki şəxs Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
- velisopedi və ya arabanı idarəetmə hüququ 14 yaşından
- Asma mühərrikli velisopedi, mopedi və motosikletləri idarəetmə hüququ 16 yaşından
- Oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən artıq olmayanavtomobilləri idarəetmə hüququ 18 yaşından
- Tramvayları idarəetmə hüququ 20 yaşından
- Traleybusları idarəetmə hüququ 21 yaşından
- Oturacaq yerlərinin sayı sürücünün oturacağından əlavə 8-dən çox olan avtomobilləri idarəetmə hüququ 21 yaşından

Sual:Nəqliyyat vasitələrinin etibarnamə əsasında sənədləşlirilməsi barədə.
Cavab:Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaya bilməz. Yəni baş etibarnamə əsasında Sizin avtomobili öz adınıza qeydiyyata aldırmaq hüququnuz yoxdur. Avtomobili öz adınıza qeydiyyata aldırmaq üçün, ilk növbədə, onun sahibi və yaxud sərəncam vermək hüququ olan şəxs onu qeydiyyatdan çıxarmalıdır. Yalnız bundan sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI hissəsində nəzərdə tutulan sənədləri təqdim etməklə BDYPİ QİŞ-də onu öz adınıza qeydiyyata aldıra bilərsiniz. Bu zaman normativ-hüquqi sənədlərin tələbinə uyğun olaraq 77.500 manat dövlət qeydiyyat nişanları üçün, 69.628 manat* qeydiyyat şəhadətnaməsi üçün, 7000 manat DYP-nə xidmət haqqı, 55.000 manat əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün rüsumu, alqı-satqı qiymətinin 2%-i miqdarında DYP-nin hesabına ödənc və mühərrikinin işçi həcmindən asılı olaraq "yol vergisi" ödənməlidir. Qeydiyyat hərəkətləri aparılarkən mülkü məsuliyyətin icbari sığortası da təmin edilməlidir.
*Qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının qiymətləri Azərbaycan Respublikası Milli Bankının Azərbaycan manatının ABŞ dollarına bu gün üçün müəyyənləşdirdiyi məzənnə ilə göstərilmişdir.
Avtomobilin sahibi ölkədən kənarda yaşayırsa (yəni əlçatmazdırsa) baş etibarnamə əsasında Siz həmin avtomobili özünüzdən başqa istənilən şəxsin adına alqı-satqı yolu və ya komissyon mağaza vasitəsinin onun iştirakı ilə (şəxsiyyət vəsiqəsini təqdim etməklə) rəsmiləşdirə bilərsiniz. Bu iş alqı-satqı müqaviləsi ilə aparılırsa dövlət qeydiyyat nişanları dəyişdirilməyə də bilər və qeydiyyat şəhadətnaməsi mütləq dəyişdirilməlidir.