Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi

Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında TƏLİMAT

3. Sürücülük vəsiqəsi, imtahanların qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi

3.1. Sürücülük vəsiqəsi şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir.
3.2. Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır:
motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün.
3.3. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimi müəyyən edilir:
60 yaşına çatmamış şəxslər üçün — 10 il;
60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət;
70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.
3.4. Sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), vəsiqədə göstərilən məlumatların adı isə Azərbaycan və ingilis dillərində yazılır.
3.5. Sürücülük vəsiqəsinin sahibi ona verilmiş sürücülük vəsiqəsini qorumalıdır.
3.6. Bütün kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün nəzəri və təcrübi imtahanlar, QİM-nin imtahan komissiyaları tərəfindən qəbul edilir.
3.7. Nəzəri və təcrübi imtahanları qəbul edən imtahan komissiyası iki və daha çox nəfərdən ibarət olmalıdır.
Komissiyanın heyəti QİM-in rəisi tərəfindən təyin edilir və aşağıdakı tərkibdə olur:
Sədr — qeydiyyat-imtahan şöbəsinin (bölməsinin, qrupunun) əməkdaşı;
Üzvlər — tədris avtonəqliyyat müəssisələrinin, hərbi komissarlığın və digər aidiyyəti təşkilatların nümayəndələri.
3.8. İmtahan komissiyası üzvləri yol hərəkəti qaydalarını və imtahanın qəbul edilmə qaydalarını bilməli, eləcə də həmin şəxslərin:
avtomobil ixtisası üzrə ali və ya orta ixtisas texniki təhsili;
imtahan qəbul olunan kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.
3.9. Sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları QİM məntəqələrində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.
3.9-1. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bu Əsasnamənin 3.10-cu bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin bilavasitə qəbulu və verilməsinin interaktiv şəkildə əks etdirən monitorlar vasitəsilə müşahidə edilməsi imkanı yaradılır. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.
3.9-2. Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə dərhal məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur.
3.9-3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində imtahanın qəbulu və sürücülük vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün “Elektron növbə” idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsi müəyyən edilir.
3.10. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:
3.10.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.10.2. müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə);
3.10.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
3.10.4. sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd.
3.11. Nəqliyyat vasitələrinin idarə edilməsi üçün tədris müəssisələrində hazırlıq keçmiş şəxslər, təkrar nəzəri və təcrübi imtahanlara 7 gündən tez buraxılmırlar.
3.12. İki dəfə nəzəri və ya təcrübi imtahandan qeyri-məqbul qiymət almış, imtahanlara müstəqil hazırlaşmış şəxslər yalnız tədris müəssisələrində müəyyən olunmuş qaydada hazırlıq kursları keçdikdən sonra bir daha imtahana buraxılırlar.
3.13. Yol hərəkəti qaydaları və sürmə təlimi haqqında imtahanların nəticəsi, imtahanların qəbulunda iştirak etmiş imtahan komissiyasının bütün üzvləri tərəfindən imzalanır və bu Əsasnamənin 1 və 2 nömrəli əlavələrinə uyğun formada protokolla sənədləşdirilir.
3.14. Sürücülük vəsiqələrinin düzgün tərtib olunması və verilməsinin əsaslığı imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, onun imzası və QİM-in möhürü ilə təsdiq edilir.
3.15. Sürücülük vəsiqəsi, yol hərəkətinin qaydalarına dair nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə QİM tərəfindən 30 dəqiqə ərzində verilir.
3.15-1. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı hallar əsas sayılır:
3.15-1.1. etibarlılıq müddətinin qurtarması;
3.15-1.2. sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3.15-1.3. yazılarında dəqiqsizlik müəyyən edilməsi;
3.15-1.4. yararsız hala düşməsi;
3.15-1.5. itirilməsi;
3.15-1.6. yeni nümunəsinin təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi;
3.15-1.7. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
3.15-1.8. yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
3.15-2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız QİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
3.15-3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
3.15-3.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3.15-3.2. sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla), habelə bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi;
3.15-3.3. qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;
3.15-3.4. bu Əsasnamənin 3.3-cü bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulduğu hallarda tibbi arayış;
3.15-3.5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti.
3.15-4. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
3.15-5. Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-6. Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Əsasnamənin 3.15-1 - 3.15-4-cü bəndləri ilə müəyyən edilmiş qaydada dəyişdirməlidir.
3.15-7. Bu Əsasnamənin 3.15-5-ci və 3.15-6-cı bəndlərində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır.
3.16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar bu Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təsdiq etdiyi müvafiq təlimatlarla tənzimlənir.

generated 0.035812854766846 seconds