Məlumatlar 01 fevral 2017-ci il

Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət

DYP-nin vəzifələri

Dövlət Yol Polisinin əsas vəzifələri aşağıdakılardır: 
  • Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkili;
  • DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati – metodiki rəhbərliyin həyata keçirilməsi;
  • Yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi;
  • Hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının iclasları üçün materialların hazırlanması, qəbul edilmiş qərarların yerinə yetirilməsi gedişinə səlahiyyətləri daxilində nəzarət edilməsi;
  • Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili;
  • DYP hissələrinin texniki vasitələrlə təmin olunması, onların texniki cəhətdən saz saxlanılmasına nəzarət edilməsi;
  • Yol hərəkəti qaydalarının pozulması barədə inzibati xətalar üzrə icraatın təşkili, inzibati tənbehlərin düzgün tətbiq edilməsinin təşkili və bu işə nəzarətin həyata keçirilməsi;
  • Yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması;
  • DYP hissələrinə xidmətlə bağlı əməli köməklik göstərilməsi həvalə olunmuş vəzifələrin icrasına nəzarətin təmin edilməsi;
  • DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı əsasında avtomobil yollarda yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasının təşkili;
  • Nəqliyyat vasitələrinin axtarışı işinin təşkili və bu işdə digər xidmətlərlə qarşılıqlı əlaqələrin təmin edilməsi;
  • Avtonəqliyyat vasitələrinin və qoşquların dövlət texniki baxışının və qeydiyyatının keçirilməsinin, onlara dövlət nömrə nişanlarının verilməsinin, habelə yol hərəkəti qaydaları və sürücülük vəsiqələri üzrə imtahanların qəbul edilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin verilməsinin təşkil edilməsi;
  • Yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi;
  • Nəqliyyat vasitələrinin müayinə olunması, onların texniki layihə sənədləri barədə rəylərin verilməsi işinin təşkili;
  • Büdcə və büdcədənkənar vəsaitlər hesabına yol hərəkəti təhlükəsizliyinin təmin olunması tədbirlərinin müəyyənləşdirilməsi;
  • Yol nişanlarının və göstəricilərin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrinin aradan qaldırılması üçün hadisə yerində tətbiq olunan qəza-xilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini təmin edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin tətbiqinə xidmət edən təşviqat vasitələrinin, xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişinin və istehsalının təmin edilməsi.
Yol hərəkətinin təşkili sahəsində
  • Avtomobil yollarının, küçələrin, dəmir yolu keçidlərinin yol hərəkəti üçün təhlükəsiz vəziyyətdə saxlanılmasının, küçə və yolların hərəkəti tənzimləyən vasitələrlə təhciz olunmasının təşkili;
  • Respublika və yerli əhəmiyyətli yolların tikintisi layihələrinə yol hərəkəti təhlükəsizliyi baxımından rəy verilməsi;
  • Yeni və yenidən qurulmuş yolların, yol qurğularının və dəmir yolu keçidlərinin istismara qəbulu üzrə dövlət və işçi komissiyalarının işində yol hərəkətinin təhlükəsizliyi şərtlərinə əməl olunması baxımından iştirak edilməsi;
  • Yol hərəkətini tənzimləyən və ona nəzarət edən texniki vasitələrin hazırlanması üçün sifarişlər verilməsi;
  • Küçə və yollarda, habelə dəmir yolu keçidlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, texniki təmin işlərinin görülməsi sahəsində tələblərin yerinə yetirilməsinin təşkili;
  • Texniki tənzimləmə vasitələrinin quraşdırılması, istismarı və tətbiqi üzrə DYP-nin ixtisaslaşdırılmış quraşdırma-istismar bölmələrinin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
  • Yol hərəkətini tənzimləyən texniki vasitələrin yeni konstruksiyalarının sınağında və istismara qəbulunda iştirak edilməsi, onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması;
  • Tırtıllı, uzun ölçülü, iriqabaritli, ağır çəkili və ya təhlükəli yüklər daşıyan nəqliyyat vasitələrinin avtomobil yollarından istifadə işinin təşkili;
  • DYP-nin mühafizə olunan duracaqlarının yaradılmasının təşkili;
  • İctimai nəqliyyatın hərəkət marşrutlarının hərəkətin təhlükəsizliyi baxımından razılaşdırılması.

Yol hərəkətinə nəzarət sahəsində

  • Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasının aşkarı və qarşısının alınması;
  • Yol hərəkəti qaydalarını pozan hərəkət iştirakçılarının qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunması işinin təşkili;
  • «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının mərkəzləşdirilmiş kompüter uçotunun aparılması, həmçinin DYP hissələrinin bu məlumatlardan istifadəsinin təşkil edilməsi;
  • Yol patrul xidmətinin təşkili və bu işə nəzarət edilməsi, yol patrul xidmətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması;
  • Yol patrul xidmətinin sərancamında olan əməliyyat-xidməti nəqliyyat vasitələrinin, eləcə də digər texniki vasitələrin təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi;
  • Yol-nəqliyyat hadisələri yerində DYP hissələri tərəfindən təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və zərər çəkənlərə həkimə qədər yardım edilməsinin təşkili;
  • Nəqliyyat dəstələrinin müşayiət olunması işinin təşkil edilməsi;
  • Zədələnmiş və sahibsiz qalmış nəqliyyat vasitələrinin bu məqsədlər üçün müəyyən edilmiş yerlərə aparılmasının təşkili;
  • DİN-in digər xidmətləri ilə qarşılıqlı əlaqədə post-patrul xidmətinin işinə dair məsələlər üzrə tədbirlər görülməsinin təşkili;
  • Digər xüsusi xidmət orqanları ilə birgə xüsusi təyinatlı nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmini işinin təşkili;
  • Yol hərəkətinə nəzarət sahəsində DYP hissələrinə metodiki və praktiki köməklik göstərilməsi;
  • Yol patrul xidmətinin zəruri əməliyyat-xidməti nəqliyyat, rabitə vasitələri və başqa texniki vasitələrlə, habelə xüsusi geyim və ləvazimatlarla təhciz olunmasına dair təkliflər verilməsi, bu vasitələrin və ləvazimatların istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi.
Avtonəqliyyat vasitələrinin axtarışı sahəsində
  • Qaçırılmış, oğurlanmış və hadisə yerindən yayınmış avtonəqliyyat vasitələrinin DYP hissələri tərəfindən axtarışı (o cümlədən «isti izlərlə») işinin təşkili;
  • Nəqliyyat vasitələrinin qeyri-qanuni yollarla əldə edilməsi, qaçırılması, sökülməsi, gizlədilməsi və leqallaşdırılması ilə bağlı törədilən hüquqpozmalarla əlaqədar vəziyyətin təhlili və ümumiləşdirilməsi, müvafiq tövsiyələr və icmallar hazırlanması;
  • Qeydiyyata alınan, axtarılan və sahibsiz nəqliyyat vasitələrinin, eləcə də oğurlanmış, itirilmiş qeydiyyat və nəqliyyat vasitələrindən istifadə etmə hüququ verən digər sənədlərin avtomatlaşdırılmış uçotunun və DYP hissələrinin bu məlumatlardan istifadəsinin təşkil edilməsi;
  • «Sipər» əməliyyat-axtarış sisteminə daxil olan nəzarət postlarının fəaliyyətinin təşkili. ƿməliyyat statistik informasiya idarəsi və İnterpolun Milli Mərkəzi Bürosu ilə qarşılıqlı əlaqədə avtomoto nəqliyyatın axtarışı üzrə avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (AMAS) texniki və proqram vasitələrinin təhcizatının təmin edilməsi;
  • Nəqliyyatdan istifadə etməklə törədilən cinayətkarlığa qarşı mübarizə sahəsində DİN-in və Baş Dövlət Yol Polisi İdarəsinin əmr və göstərişlərinin DYP aparatları və nizami hissələri tərəfindən yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Axtarış sahəsində DYP hissələrinə metodiki və praktiki köməklik göstərilməsi.

Avtonəqliyyat vasitələrinə texniki nəzarət sahəsində

  • Hüquqi və fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə idarə edilməsinə nəzarətin təmini, bu sahədə müvafiq təkliflər hazırlanması;
  • Avtonəqliyyat vasitələrinə dövlət texniki baxışın vaxtında və keyfiyyətlə keçirilməsinin təşkili, yeni müayinə stansiyalarının yaradılmasının məqsədəmüvafiqliyi barədə təkliflər hazırlanması;
  • Yol hərəkətinə dair ekoloji tələblərin təmin edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
  • Yeni hazırlanan, quruluşu dəyişdirilən nəqliyyat vasitələrinin konstruksiyalarının razılaşdırılması, yol hərəkəti təhlükəsizliyi baxımından onların istismara buraxılmasının mümkünlüyü haqqında rəy verilməsi. Yeni və modeli dəyişdirilmiş nəqliyyat vasitələrinin sınağında və qəbulunda iştirak edilməsi, nəqliyyat vasitələrinin texniki layihə sənədləri tələb olunmayan avadanlaşdırılmasına icazə verilməsi;
  • Sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının, DİN-in əmr və göstərişlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Nəqliyyat vasitələrində reklamın yayılmasına müvafiq qaydada razılıq verilməsi;
  • Müəyyən olunmuş qaydalara uyğun xüsusi və işıq siqnallarının quraşdırılmasına icazə verilməsi, belə nəqliyyat vasitələrinin qeydiyyatının aparılması. Operativ nəqliyyat vasitələrinin xarici örtüyünün rəng qrafikasının müəyyən edilməsi.
Hərəkətin təhlükəsizliyinin təbliği sahəsində
  • Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə hərəkətin təhlükəsizliyinin təbliği üzrə işin səmərəsini yüksəltmək sahəsində tədbirlər hazırlanması, əhalinin yol hərəkəti sahəsində mövcud qanunvericiliklə əlaqədar maarifləndirilməsi işinin təşkili;
  • Məktəbəqədər müəssisələrdə, məktəblərdə və tədris müəssisələrində yol hərəkəti qaydalarının öyrənilməsinə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə tədris proqramlarının vəsaitlərin hazırlanmasının təşkili;
  • Uşaq yol-nəqliyyat travmatizminin qarşısını almaq üzrə tədbirlər keçirilməsində nazirliklərə, idarələrə və başqa təşkilatlara yardım göstərilməsi;
  • Yol hərəkəti qaydalarının təbliği və nəqliyyat vasitələri sürücülərinin şəxsi məsuliyyətinin artırılması sahəsində ictimai qurumlarla əlaqələr yaradılması;
  • Dövrü mətbuatda, radio və televiziyada yol hərəkəti təhlükəsizliyinin təbliğinin təşkil edilməsi;
  • Yol hərəkətinin təbliğinə dair mətbuat vasitələrinin nəşrinin təşkili.

Avtomotonəqliyyat vasitələrinin uçotu, qeydiyyatı və sürücülərin hazırlanması sahəsində

  • Respublika üzrə avtonəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının dövlət qeydiyyatından keçirilməsi, dövlət qeydiyyatı üzrə uçota alınması və uçotdan çıxarılması işinin təşkili, habelə bu sahəyə nəzarətin həyata keçirilməsi;
  • Sürücülər hazırlayan tədris müəssisələrinin qeydiyyatının aparılması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən bilavasitə nəzəri və təcrübi imtahanların qəbul edilməsi, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsinin verilməsi, onların uçotunun aparılması, bu işin tabelikdəki orqanlarda həyata keçirilməsi;
  • Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması işini həyata keçirən məktəb və kursların qeydiyyata alınması üçün yoxlanılması, tədris proqramlarının razılaşdırılması və onların fəaliyyətinə mütəmadi nəzarət edilməsi;
  • Qeydiyyata alınan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin verilməsi, özgəninkiləşdirilən nəqliyyat vasitələrinin sənədləşdirilməsi, təkrar qeydiyyatın aparılması, nəqliyyat vasitəsinin girov müqaviləsinin qeydiyyata alınması barədə şəhadətnamənin verilməsi və mövcud qanunvericiliklə nəzərdə tutulmuş digər hallarla bağlı qeydiyyat hərəkətlərinin həyata keçirilməsi və onların uçotunun aparılması;
  • Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və sürücülük vəsiqəsinin nümunələrinin hazırlanması, onların və digər xüsusi məhsul və avadanlıqların müəyyən edilmiş qaydalara əsasən istehsalının həyata keçirilməsi;
  • Nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsi, qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasının həyata keçirilməsi. Özünün struktur hissələrini dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi blankları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təhciz edilməsi və onların vaxtaşırı təftişinin aparılması;
  • Nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin satışı ilə məşğul olan hüquqi şəxslərin və istehsalçı müəssisələrin uçotunun aparılması, onların «tranzit» nişanları və arayış-hesab blankları ilə təhciz olunması və bu məmulatların sərfinə nəzarətin vaxtaşırı həyata keçirilməsi;
  • Sürücülük vəsiqələrinin, qeydiyyat şəhadətnamələrinin və dövlət qeydiyyat nişanlarının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üzrə ödənc, vergi və rüsumların vaxtında ödənilməsinə nəzarətin təmini.