Məlumatlar 06 05 2024Y il

Atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Yol hərəkəti təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının 2002-2005-ci illər üçün Dövlət Proqramı

Yol hərəkəti təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının
2002-2005-ci illər üçün Dövlət Proqramı

Yol hərəkətinin təhlükəsizliyi üzrə Azərbaycan Respublikasının 2002-2005-ci illər üçün Dövlət Proqramı yol hərəkəti prosesində insanların həyatının qorunması, yol-nəqliyyat qəzalarının və onların zərərli nəticələrinin qarşısının alınması məqsədi ilə tərtib edilmişdir.

Bu Proqram  «Yol hərəkəti haqqında»  Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, regionların sosial-iqtisadi və ekoloci şəraitini, yol şəbəkəsinin inkişaf səviyyəsini nəzərə almaqla tərtib edilmişdir.

1. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin şərhi.

1991-ci ildə Azərbaycan Respublikasının 7 milyon əhalisi və 360 min avtonəqliyyat vasitəsi olmuşdur. Göstərilən il ərzində 3336 yol-nəqliyyat hadisəsi baş vermiş, onların nəticəsində 1281 nəfər həlak olmuş, 3702 nəfər isə yaralanmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən 4 il sonra, yəni 1995-ci ildən başlayaraq sosial və iqtisadi irəliləyiş, yol hərəkətinin təhlükəsizliyi sahəsinədə də öz müsbət təsirini göstərmişdir.


İlk növbədə onu qeyd etmək lazımdır ki, Respublikamız 1997-ci ilin aprel ayında Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana (1968-ci il)  Konvensiyasına qoşulmuşdur.

1998-ci ildə Konvensiyaya uyğun, yol hərəkəti sahəsində bütün fiziki və hüquqi şəxslərin hüquq, vəzifə və məsuliyyətlərini müəyyən edən yol hərəkətinin təhlükəsizliyi tədbirlərinin kompleks həllinə yönəldilmiş  Azərbaycan Respublikasının  «Yol hərəkəti haqqında»  Qanunu qəbul edilmişdir. Artıq üç ildir ki, Azərbaycan Respublikasında bu Qanunun əsasında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır.

Müstəqillik əldə edilən müddətdə keçirilmiş tədbirlər nəticəsində respublikamızda  yol-nəqliyyat  hadisələrində həlak olanların sayının  azalmasına nail  olunmuşdur.

2001-ci ildə baş vermiş hadisələrdə, həlak olanların və yaralananların sayı 1991-ci ilə nisbətən orta hesabla iki dəfə azalmışdır. Qeydə alınmış 1985 qəza hadisəsində  559 nəfər həlak olmuş, 2228 nəfər yaralanmışdır.

Ölkə əhalisinin sayına nisbətən baş verən yol-nəqliyyat qəzaların azalmasına görə Azərbaycan Avropa ölkələri sırasında yaxşı göstəriciləri əldə edən İsveçrə, Belçika və Fransa kimi dövlətlərin səviyyəsinə  çatmışdır. Həmin ölkələrin təhlükəsizlik göstəriciləri əsasında bu proqram hazırlanmış və aparılmış müqayisələr, əhalinin sayından başqa nəqliyyat vasitələrinin sayı, eləcə də digər göstəricilərə şamil edilmişdir. Bununla da proqram çərçivəsində ilkin lazımi işlərin görülməsi nəzərdə tutulmuşdur və  Respublikamız Avropa şurasının üzvü kimi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsini  beynəlxalq standartlara uyğunlaşdıracaqdır.

2. Yol şəbəkəsinin inkişafı və genişləndirilməsi tədbirləri.

Azərbaycan Respublikası ərazisində «E» Beynəlxalq yollar şəbəkəsinə daxil olan «E-97» nömrəli Xerson-Poti-Bakı-Trabzon («Tarixi İpək yolu» marşrutu ilə) və «E-119» nömrəli Moskva-Maxaçkala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir.

Azərbaycan Respublikasında beynəlxalq yol hərəkəti üçün nəzərdə tutulmuş «E-97» avtomobil yolunun Bakı-Qazax-Gürcüstan sərhədi marşrutunda («Tarixi İpək yolu») dünya standartına uyğun yenidən qurulması üzrə hazırda inşaat işləri aparılır.

Bakı-Qusar-Rusiya Federasiyasının sərhədi və Bakı-Astara-İran İslam Respublikasının sərhədi yollarının yenidənqurulmasının həyata keçirilməsi məsələsinə baxılır.

Respublikanın şəhərlər arası mövcud yollarının  inkişafı  bu planda  yalnız lazımi normativ tələblərə uyğun saxlanılması nəzərdə tutulmuşdur.

Şəhərlərdə və yaşayış  məntəqələrində yol hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və xüsusən piyadaların təhlükəsizliyinin təmin edilməsi ciddi narahatlıq yaradır.

Respublikanın yol şəbəkəsinin inkişafı məqsədilə aşağıdakı tədbirlərin keçirilməsi vacib sayılır:

2.1. Respublikanın ərazisindən keçən beynəlxalq avtomobil yollarının dünya standartlarına çatdırılması üçün işlərin vaxtında yerinə yetirilməsi məqsədi ilə «Tarixi İpək yolu»nun marşrutunun Bakı-Ələt-Qazıməmməd, eləcə də Gəncə-Qazax sahələrində aparılan işlərə lazımi köməkliyin göstərilməsinin təmin edilməsi;

2.2. Bakı şəhərində aşağıdakı tədbirlərin həyata keçirilməsi:
-Tbilisi, Mətbuat, H.Cavid, İnşaatçılar, Xətai, Nobel və Azadlıq prospektlərində, habelə Salyan, Böyük Şor, Dərnəgül şosselərində, eləcə də Fətəli Xan Xoyski, T.Əliyev, Q.Qarayev, Ş.Qurbanov və Şərifzadə küçələrində   əks istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətlərinin ayrıcı zolağın salınması (İzmir küçəsi nümunəsində);
-Tarixi İpək yolu marşrutu ilə Bakının xarici və daxili dairəvi yolların, Aeroport və Sumqayıt şosselərinin, cənub-qərbə və şərqdən-qərbə doğru dəhlizlər boyu küçələrin,  Gülüstan Sarayı-Bayıl yolunun əsaslı təmiri;
-«20 Yanvar» dairəsinin rekonstruksiyası;
-Z.Bünyadov və Azadlıq prospektərinin kəsişməsində yol ötürücüsünün inşa edilməsi;
-Balaxanı-Binəqədi-Xırdalan və Xocahəsən-Lökbatan yolunun əsaslı təmiri;

2.3. Mil-Muğan  və Samur-Dəvəçi kanalları boyunca inşa edilmiş köməkçi yolların istismara verilməsi;
2.4. Respublikamızın paytaxtı Bakı şəhərində və digər iri şəhərlərdə piyada keçidlərinin (o cümlədən yeraltı keçidlərin) məcburi yönəldici hasarlarla təmin etməklə inşa edilməsinə və hərəkət intensivliyinin azaldılması məqsədilə birtərəfli küçə hərəkətinin və piyada zolaqlarının təşkilinə diqqət yetirilməsi;
2.5. Hərəkətin qarşılıqlı istiqamətdə olmaması üçün şəhərlərdə və  iri yaşayış məntəqələrində və şəhərarası mövcud ikitərəfli hərəkəti olan yol ayrıcı zolaqlarların (0,5-2m)   Bakı şəhərinin İzmir küçəsi nümunəsində  yaradılmasına nail olmaq, eni imkan verməyən yollarda isə dəmir-beton konstruksiyaların quraşdırılması və  ya  üfuqi nişanlanma aparılması, şəhərlərin mərkəzində hərəkətin ayrılmasına imkan olmadıqda, onun bir istiqamətdə  təşkil edilməsi;
2.6. Bələdiyələr üzrə yolların təmirinə və bərpasına lazımi maddi-texniki köməkliyin göstərilməsi;
2.7. Yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə yol hərəkətinin təşkilində yenidənqurma işlərinin aparılması;
2.8. Yolların hərəkət hissəsi və yeraltı, yerüstü piyada keçidlərinin gündəlik olaraq təmiz, hərəkətə yararlı vəziyyətdə saxlanılması,  yolun örtüyünün sökülməsinin ancaq müvafiq icra hakimiyyəti tərəfindən xüsusi razılıqla aparılmasının təmin edilməsi;
2.10. Respublika əhəmiyyətli avtomobil yollarında yol çiyinlərinin bərkidilməsi, onların yağışlı havada sürüşkən olmasının qarşısının alınması, hərəkət hissəsində nahamarlıqların, çöküntülərin aradan qaldırılması, piyada ıə velosipedçilər üçün hərəkət zolağının və səkilərin nəzərdə tutulması, piyada keçidlərinin müəyyən edilməsi, təhlükəli yerlərdə nizamlayıcı və qaytarıcı qurğuların quraşdırılması.

3. Yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri.


3.1. Respublika əhəmiyyətli yollar, şəhər, rayon və qəsəbələr üçün yol hərəkətinin təşkili sxemlərinin tərtib edilməsi, bu sxemlərin yol hərəkəti iştirakçılarının , xüsusən də beynəlxalq hərəkət iştirakçılarına  çatdırılmasının təmin edilməsi;
3.2. Şəhər və qəsəbələrin yerli əhəmiyyətli proqramlarında nəzərdə tutulmuş yol hərəkətinin təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi;
3.3. Şəhər və qəsəbələrin hərəkətin təşkili  sxemlərinə uyğun olaraq yol nişanlarının və nizamlayıcılarının, digər texniki vasitələrinin yararlı vəziyyətə gətirilməsi;
3.4. Məhdudiyyətli görünmə şəraitində  (gecə, duman)  hərəkət hissəsinin aydın görünməsi məqsədilə yolun kənarlarının işıq əks etdirən boya ilə nişanlanması;                                         
3.5. Bakı, Sumqayıt və Gəncə şəhərlərində nəqliyyatın hərəkətinin avtomatik idarəetmə sistemlərinin tətbiq olunması;
3.6. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin yüksək intensiv hərəkət olan hissələrində  avtomobil axınının seyrəldilməsi üçün təşkilati tədbirlərin görülməsi bu məqsədlə şəhərlərin mərkəzində avtomobillərin parklanma yerinin təşkil olunması;
3.7. Birtərəfli hərəkət istiqaməti olan yollarda, ictimai nəqliyyatın  əks istiqamətdə  hərəkət marşrutlarının ləğv olunması;
3.8. Piyadalara təhlükə yaranan və tez-tez yol-nəqliyyat qəzası baş verən yerlərdə, piyadalrın müəyyən olunmuş keçid yerlərinə məcburi yönəldən hasarların quraşdırılması, nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması məqsədilə sürətazaldan qurğuların  (maneələrin)  tətbiq edilməsi;
4. Yol-nəqliyyat hadisələrinin,  onların nəticələrinin azaldılması üzrə tədbirlər

4.1. Sürücü kadrları hazırlayan təşkilat və müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, texniki bazalarının möhkəmləndirilməsi və müasirləşdirilməsi;
4.2. Təhlükəli yük daşımalarını yerinə yetirən sürücülərin ixtisaslaşdırılmış xüsusi hazırlıq keçirilməsinin təşkil edilməsi;
4.3. Orta təhsil məktəblərinin 1-4-cü sinif şagirdlərinə yol hərəkəti qaydalarının tədris olunması;
4.4. Orta və ali təhsil müəssisələrində yol hərəkətinin  təhlükəsizliyinin təbliği məqsədli  müsabiqələrin, viktorinaların keçirilməsi;
4.5.Televiziya, radio və internet vasitəsi ilə yol hərəkətinin təhlükəsizliyi  mövzularının mütəmadi  yayımlanmasının təmin edilməsi;
4.6. İri şəhərlərdə yol hərəkətinin təhlükəsizliyi mövzusunda,  reklam lövhələrinin yerləşdirilməsi;
4.7. Yollarda  baş verən  ağır nəticəli yol nəqliyyat  hadisələri barədə hərəkət iştirakçılarının məlumatlandırılması;
4.8. Əhali arasında  «Yol hərəkəti haqqında»  Qanunun müddəalarının izahı  üzrə işin artırılması;
4.9.Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatının  təşkili işinin başa çatdırılması;
4.10.  Qəza yerlərində  ixtisaslı mütəxəsislər tərəfindən  ilk tibbi yardımın göstərilməsi və zərər çəkənlərin tibb məntəqələrinə təcili çatdırılması məqsədi ilə təcili tibbi yardım  stansiyalarının  şəbəkəsinin genişləndirilməsi;
4.11. Bələdiyyələrin nəzdində ilk tibbi yardım könüllülər dəstələrinin yaradılması;
4.12. Təmirin və texniki qulluğun keyfiyyətinin yüksəldilməsi məqsədilə təmir  stansiyalarının işinin müvafiq qanunvericiliyə uyğun qurulması;
4.13. Avtobuslarda beynəlxalq və məsafəsi 200 km-dən çox olan şəhərlərarası sərnişin daşımalarında sürət, sürücülərin iş və istirahət, reciminə onlarda quraşdırılan xüsusi nəzarət-ölçü cihazları vasitəsilə nəzarət edilməsi;
4.14. Avropa Şurasının direktivləri və BMT AİK-nin qaydaları nəzərə alınmaqla, EURO ekoloci normativlərin qəbul edilməsi proqramının işlənilib hazırlanması;
-Avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin azaldılmasını  təmin edən, avtonəqliyyat vasitələri parkının iş reciminin tənzimlənməsi prosesini sürətləndirən və mütərəqqi iş üsullarının stimullaşdırma sisteminin işlənib hazırlanması;
-Avtonəqliyyat vasitələrindən xaric olan qazların zəhərli komponentlərinin azaldılması məqsədilə, respublikanın sərhəd-buraxılış məntəqələrində, müasir avadanlıqlarla təchiz edilmiş, ekoloci göstəricilərə nəzarət edən və yanacaq cihazlarını yoxlayıb, tənzimləyən ekoloci postların yaradılması;
4.15. Yol hərəkəti qaydalarına riayət edilməsinə müasir texniki vasitələrdən  istifadə olunmaqla nəzarət işinin təkmilləşdirilməsi;
4.16. Günün qaranlıq vaxtı sərnişin nəqliyyatının və təhlükəli  yük daşımalarının ayrıcı  zolağı olmayan  iki tərəfili yollarda hərəkətinin məhdudlaşdırılması;
4.17. Sərhəd-buraxılış məntəqələrində avtonəqliyyat vasitələrinə unifikasiya edilmiş nəzarət sisteminin təşkili və məntəqələrin zəruri texniki vasitələrlə təchizatı.
4.18.Nəqliyyat vasitələrinin illik dövlət texniki baxışının keyfiyyətinin yüksəldilməsi, bu məqsədlə Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində avtomobillərin diaqnostik mərkəzlərinin inşa olunması.
4.19. Avtomobillərdə alternativ yanacaq sistemlərinin tətbiq olunması problemlərinin araşdırılması, belə avadanlıqların istehsalı və istismarı ilə bağlı fəaliyyətin normalaşdırılması.
4.20. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinə daxil olan və tranzitlə keçən boyük tonnaclı və iri qabaritli yük nəqliyyat vasitələrinin şəhər daxilində hərəkət marşrutlarının müəyyənləşdirilməsi.
4.21.Şəhərdaxili marşrutlarda nəqliyyat sıxlığını azaltmaq, normal rəqabət şəraiti yaradaraq, sərnişin daşımalarında qiymətlərin tənzimlənməsi məqsədilə, bu sahənin sosial və strateci əhəmiyyətli olduğunu nəzərə alaraq, dövlət strukturu  (Nəqliyyat Departamenti)  üçün sərnişin daşımalarına yararlı  (böyük tutumlu, komfortabelli, ekoloci cəhətdən daha təmiz)  avtobusların alınması.

5. Proqnozlar

Respublikada iqtisadiyyatın inkişafı ilə əlaqədar 2005-ci ilədək əhalinin sayının və maddi rifahının artımı müşahidə olunacaqdır. Əhaliyə məxsus avtonəqliyyat vasitələrinin sayının da artma ehtimalı çox yüksəkdir. Avropa dövlətlərində orta hesabla, hər iki vətəndaşa sayca bir avtomobil düşür. Bu göstərici ölkədə hər 14 nəfərə bir avtomobilə bərabərdir.

Avtomobil yollarının inkişafı və avtomobillərin sayının artması yol-nəqliyyat hadisələrinin və onun nəticəsində həlak olanların sayının artımına real şərait yaradır. Bu səbəbdən proqramın icrası vacib məsələlərdən birinə çevrilir. Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün dövlətin bu məsələyə ayırdığı vəsaitin artırılmasına böyük ehtiyac duyulacaqdır. Yerli əhəmiyyətli proqramların bütün bələdiyyələrin ərazilərinə şamil edilməsinə nail olunmalıdır.

Yol hərəkəti qaydaları  məktəblərdə və ali təhsil müəssisələrində tədris olunmalıdır. Şəhərlərdə piyadaların hərəkəti nəqliyyatın hərəkətindən  ayrılmalı və nizamlanmalıdır.
İri şəhərlərdə avtomobillərin saxlanılması və parklanması üçün müvafiq şərait yaradılmalıdır. Respublikanın cənub və qərb istiqamətlərindən gələn  avtobusların  Bakıya daxil olmaması üçün  Şıx Çimərliyi  zonasında  dayanacaqlar açılmalıdır.

Yol  hərəkətinin təşkili elmi əsaslarla qurulmalı və hərəkətin avtomatik idarəetmə  sistemlərinin tətbiqinə geniş yer verilməlidir. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məsələləri dövlət rəhbərliyi səviyyəsində icra hakimiyyəti başçıları və bələdiyyə şuraları tərəfindən həll edilməlidir.

6. Əsaslandırılmış konkret məqsədlər.

Əhalisinin və avtomoibllərin  səviyyəsinə görə respublikada yol nəqliyyat hadisələrinin 25%-ə qədər azaldılması imkanları vardır. Dövlət Proqramında nəzərdə  tutulan tədbirlərin həyata  keçirilməsi ilə əlaqədar 2002-2005-ci illərdə hadisələrdə həlak olanların sayının 5% azaldılması mümkündür.

İsveçin əhalisi sayca bizim respublikanın əhalisi qədərdir. İsveçdə hər 100 min şəxsdən yol-nəqliyyat hadisələrində 6-sı həlak olduğu halda, Azərbaycanda 2001-ci ildə  7,5 nəfər həlak olmuşdur. Bu göstərici      1994-cü ildə  respublika üzrə 14 nəfər idi.

2005-ci ildə yol-nəqliyyat hadisələrinin ağırlıq göstəricisinin Avropanın bu sahədə ən qabaqcıl dövləti olan Danimarka səviyyəsinə çatdırmaq əsas məqsəd olmalıdır. (hər 100 min əhaliyə 5 həlak olan).

Yol hərəkəti təhlükəsizliyi problemləri ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqə artırılmalı, qabaqcıl iş üsulları öyrənilməli və tədbiq edilməlidir.

7. Əlavə tədbirlər.

Azərbaycan Respublikasında yeni  yolların inşaası, yerli əhəmiyyətli  proqramların bələdiyyə səviyyəsinə çatdırılması, aktiv və passiv təhlükəsizliyi yüksək olan yeni model avtomobillərin tətbiqinə nəzarətin gücləndirilməsi yolu ilə qəza hadisələrinin qarşısının  alınması.

8. Proqramın dəyəri və onun maliyyələşdirmə mənbələri.

Bu hissənin icrası «Yol hərəkəti haqqında» və «Avtomobil Yolları haqqında» Azərbaycan Respublikasının Qanunlarının 23-cü və 44-cü maddələri ilə yerli büdcələrin, büdcədən kənar vəsaitlərin hesabına respublikanın  nazirlikləri, dövlət komitələri, dövlət şirkətləri, baş idarələr, yerli icra hakimiyyət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.

Bələdiyyələr öz əraziləri üzrə nəqliyyat vasitələrindən əmlak vergisindən daxil olan vasitələri yol hərəkətinin təhlükəsizliyi tədbirləri üçün sərf etməlidirlər.

9. Proqramların yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi.

Dövlət Proqramının və yerli əhəmiyyətli proqramların yerinə yetirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli 11 avqust 1999-cu il tarixli Qərarının 3-cü maddəsinin 7-ci bəndi ilə Yol hərəkəti təhlükəsizliyi komissiyasının və yerli icra hakimiyyət orqanlarının Komissiyalarının Əsasnamələri əsasında aparılır. Proqramın yerinə yetirilməsinə nəzarəti Komissiyanın 26 dekabr 2001-ci il tarixli 10/01 saylı qərarı ilə onun katibliyi və işçi qrupu tərəfindən aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası

generated 0.038431167602539 seconds